Əsas Səhifə > Manşet / Hadisə > "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar"
"Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar"Bu gün, 10:47 |
|
İran gömrükçülərinin naxçıvanlı və türkiyəli sürücülərdən 300-400 dollar rüşvət almaq üçün yük maşınlarının keçidini qəsdən ləngitdiyi bildirilir. Naxçıvandan Bakıya ərzaq dalınca gedən sürücülər deyirlər ki, Biləsuvar gömrüyünün İran hissəsində onların qarşısına iki seçim qoyulur: ya həmin pulu ödəyib maneəsiz keçmək, ya da iki-üç həftə növbədə gözləmək.
“Gündəlik Naxçıvan”a danışan sürücülərin sözlərinə görə, problem son iki ayda kəskinləşib. Əvvəllər gömrükdən ən çox üç günə keçdiklərini, indi isə həftələrlə gözlədildiklərini bildirirlər.
Sürücülərdən B. Həsənov deyir ki, gözləməyin xərci bəzi sürücüləri tələb olunan rüşvəti ödəməyə məcbur edir:
“Rüşvət qoparmaq üçün azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar. İranın öz maşınları isə heç parka keçmir, hamısı birbaşa gömrüyə girir. Burada hər şey bahadır. İki-üç həftə gözləyəndə park ödənişlərinə, yeməyə və digər ehtiyaclara ən azı 200–300 dollar xərc çıxır. Buna görə də bəzi sürücülər razılaşıb rüşvəti verirlər ki, burada qalmasınlar. Pulu olmayan sürücülər isə ac-yalavac növbələrini gözləyirlər. Müsəlmanıq deyib, elə müsəlmanın başını əzirlər”.
Həsənov hesab edir ki, Naxçıvanın blokada şəraitində olmasından siyasi təzyiq vasitəsi kimi də istifadə olunur. O, yanacağın miqdarının yoxlanılması və cərimələrin ödənilməsi zamanı da əlavə pul tələb edildiyini bildirir.
Türkiyəli sürücü Barış Öztürk isə ondan məzhəbinə görə daha çox pul tələb olunduğunu deyir:
“Deyirlər ki, naxçıvanlılar şiədir deyə, onlardan az rüşvət alırıq. Siz sünnüsünüz deyə, 400 dollar ödəməlisiniz. Mən təcili getməli idim deyə, bu pulu ödədim. Yoxsa üç həftə gömrükdə saxlayacaqdılar. Rüşvət bununla da bitmir. Azərbaycan tərəfinə çatana qədər bir neçə yerdə əlavə pul alırlar.
Gömrüyə girəndə qapıda rüşvət alırlar. İçəri girirsən, mühafizəçi gəlir: ‘Pul ver’. Bir az gedirsən, polis gəlir: ‘Pul ver’. Bir az da gedirsən, maşınlara baxış keçirən gəlir: ‘Pul ver’. Oradan mənasız yerə rentgenə göndərirlər, ona da 30 manat alırlar”.
Səsləndirilən iddialarla bağlı İranın aidiyyəti gömrük qurumlarının mövqeyi məlum deyil.
Geri qayıt |