Əsas Səhifə > Manşet / Siyasət > Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?

Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?


Bu gün, 06:25

Təhsil sahəsində bir sıra struktur dəyişikliklərinin həyata keçiriləcəyi, bəzi agentliklərin birləşdirilməsi və ya digər qurumların tabeliyinə verilməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilir. 

Bizimesr.info-nun məlumatına görə, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi və Dövlət Məşğulluq Agentliyi ilə vahid strukturda birləşdirilməsi mümkün ola bilər.

Belə bir addımın peşə təhsili ilə məşğulluq arasında əlaqələrin gücləndirilməsinə və işsizliyin azaldılmasına töhfə verə biləcəyi bildirilir.

Hazırda peşə təhsili sisteminin fəaliyyəti, ayrılan vəsaitlərin səmərəliliyi və məzunların işlə təmin olunması məsələləri diqqət çəkir. İllərdir bu sahəyə vəsait ayrılsa da, peşə təhsilini başa vuran şəxslərin ixtisaslarına uyğun işlə təmin olunması və əmək bazarına inteqrasiyası ilə bağlı ciddi suallar açıq qalır.

Qeyd olunur ki, agentliyin məşğulluq qurumları ilə bir strukturda fəaliyyət göstərməsi kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, məzunların işlə təmin olunmasının izlənilməsinə və peşə hazırlığı proqramlarının daha səmərəli təşkilinə imkan yarada bilər.

Dünya təcrübəsində də peşə təhsili ilə məşğulluq xidmətlərinin əlaqələndirilməsi işsizliyin azaldılması istiqamətində tətbiq olunan yanaşmalardandır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyinin dəyişdirilməsi və Dövlət Məşğulluq Agentliyi ilə birləşdirilməsi barədə məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlıdır.

Agentlik Elm və Təhsil nazirliyinin tabeliyində fəaliyyət göstrərir və uzun illərdir ciddi müzakirələrlə gündəmdədir. Həmçinin Agentliyin keçirdiyi müəllim və ustaların işə qəbulu üzrə imtahanlarında hər il ciddi narazılıq baş verir. Eyni zamanda Agentlyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə müəllim çatışmazlığı hökm sürür və bu da dərslərin demək olar ki, keçirilmədiyi faktlarını ortaya qoyur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzarətində olan peşə məktəblərinin əksəriyyətində maddi texniki təminat hələ də qurulmayıb və bölgələrdə ciddi problemlə mövcuddur. Bir neçə rayonda ciddi infrastruktur yaradılıb və Agentlik rəhbərliyi bu infrastrukturu reklam etməklə ümumpeşə təhsilində vəziyyətin əla olduğunu göstərməyə çalışırlar. Realda isə ölkənin peşə təhsilinə böyük maliyyə vəsaitləri ayrılsa da, ciddi nəticələr görünmür.


Geri qayıt