Əsas Səhifə > Manşet / Ölkə > Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT

Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT


Bu gün, 09:29

"Çox hörmətli Cənab Prezident! Sizin rəhbərliyiniz altında ölkəmizin neft-qaz sənayesinin inkişafı, neftçilərin əməyinin qiymətləndirilməsi və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm işlərə görə Sizə dərin minnetdarlığımızı bildiririk. Biz — illərlə Vətənimizin neft strategiyasına xidmət edən, çətin dəniz və quru şəraitində fədakarlıqla çalışan mühəndislər, mütəxəssislər və fəhlə kollektivi dəfələrlə Dövlətimizin və Şəxsən Sizin neftçi əməyinə verdiyiniz yüksək dəyərin şahidi olmuşuq..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR-ın Kompleks Qazma İşləri Trestinin (KQİT) bir qrup mühəndis və fəhlə kollektivi adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Ancaq bildirmək istəyirik ki, son zamanlar SOCAR daxilində həyata keçirilən struktur dəyişikliyi — Kompleks Qazma İşləri Trestinin (KQİT) ləğv edilərək "SOCAR Drilling" MMC-nin yaradılması və kollektivin bu quruma keçirilməsi prosesi minlərlə işçinin gələcəyi ilə bağlı ciddi narahatlıq və təşviş yaradıb.

Cənab Prezident! İllərdir SOCAR sistemində daimi əmək müqaviləsi ilə çalışan, zəngin təcrübəyə malik peşəkar kadrların birdən-birə MMC strukturlarına keçirilməsi və onlar ilə müddətli əmək müqavilələrinin bağlatdırılması uzun illərin zəhmətini və sosial təminatını sual altında qoyur. MMC çərçivəsində müddətli müqavilələrin tətbiqi o deməkdir ki, müqavilə vaxtı bitdikdə illərini bu sahəyə vermiş mütəxəssislər və fəhlələr heç bir əsas göstərilmədən işdən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bu addımlar dövlətimizin neftçilərə göstərdiyi diqqət və qayğı siyasətinə, eləcə də əməkçilərin sosial müdafiəsi prinsiplərinə zidd benfisiar maraqların nəticəsi kimi təəssürat yaradır. Yaranmış qeyri-müəyyənlik yüzlərlə ailənin sosial sabitliyinə pozucu təsir göstərir və gərginlik yaradır.

Müzəffər Ali Baş Komandan! Sizin hər zaman vətəndaşın və zəhmətkeş insanın yanında olduğunuzu bilir, ədalətinizə və böyük diqqətinizə güvənirik. Sizdən xahiş edirik ki:

1. "SOCAR Drilling" MMC-yə keçid prosesində işçilərin mövcud əmək hüquqlarının, stajlarının və sosial təminatlarının tam saxlanılmasına,

2. Müddətli müqavilələr əvəzinə, işçilərin uzunmüddətli/müddətsiz əmək müqavilələrinin qorunub saxlanılmasına,

3. Struktur dəyişikliyi adı altında peşəkar mühəndis və fəhlə heyətinin gələcəkdə əsassız işdən çıxarılması riskinin qarşısının alınmasına dair müvafiq qurumlara tapşırıq verəsiniz və bu məsələni şəxsi nəzarətinizə götürəsiniz.

Sizə əvvəlcədən dərin təşəkkürümüzü bildirir, Vətənimiz və dövlətimiz naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq..."


Geri qayıt