Əsas Səhifə > Manşet / Gündəm > Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ?

Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ?


Bu gün, 06:47

"İndi qarşıma çıxdı, ƏƏSM-in Dövlət Sosial Müdafiə Fondu (DSMF) 6 ildə bir sahibkardan icarəyə götürdüyü ofis binalarına görə ona 13 milyon manata yaxın pul ödəyib. Bu vəsaitə Bakıda tam təmirli, avdanlıqlarla təchiz edilmiş 4 ofis binası tikib istifadə etmək olardı..." "DİA-AZ" xatırladır ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Elçin Rüstəmli qeyd edib.
O daha sonra bildirir: "Yeri gəlmişkən, qanunvericiliyə edilən dəyişikliyə görə, DSMF vətəndaşların maaşından ödədiyi sosial sığorta haqlarından daha 5 faiz götürüb özünün "dayanıqlığını" möhkəmləndirməyə xərcləyəcək. Məsələn, vətəndaş ayda 100 manat DSMF-yə ödəyirsə, onun yalnız 85 manatı qalır, 15 manatını qurum xərcləyir. İndi məlum olur ki, necə xərcləyir...
Məlum olduğu kimi 1 ildən artıqdır, büdcə təşkilatlarında qənaət tələbi ilə kütləvi ixtisarlar aparılır. Dövlət qulluqçuların maaşı, deputatların, yüksək vəzifə tutmuş məmurların, hərbçilərin
pensiya qaydaları dəyişdirilir. Bir sıra islahatlar vacibdir, mən də onu dəstəkləyirəm.
Maliyyə Nazirliyinin qənaət siyasətinə görə hətta sosial xərclərdə ciddi qayçılanmalara gedilir, əlillərin müavinətləri kəsilir, ünvanlı sosial yardımın ünvanını tapmaq olmur. Maraqlıdır, belə bahalı icarə müqavilələri nə əcəb Nazirliyin diqqətindən yayınır?
Onu da vurğulayım ki, mən büdcə vəsaitlərinin dağıdılmasına, əsassız xərclərə qarşıyam, dəfələrlə Hesablama Palatasının, yaxud medianın üzə çıxardığı korrupsiya faktlarının araşdırılıb cəza tədbirlərinin tətbiq olunmasını zəruriliyi barədə yazmışam. Amma həssas sosial qrupların qənaət siyasətinin hədəfinə çevrilib səfalətə sürüklənməsinin əleyhinəyəm.
Ümid edək ki, Maliyyə Nazirliyi ƏƏSM-ə tabeli qurumlardakı yuxarıda qeyd olunan fantastik icarə müqavilələri ilə bağlı ictimaiyyətin də xəbər tutduğu bir araşdırma edəcək..."

"DİA-AZ" xatırladır ki, elə təkcə dünən yayılan son məlumatda deyilir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən iki tender müsabiqəsinin qalibi məlum olub.
"DİA-AZ"
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hər iki tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Qaze Həsən qızı (VÖEN – 1600110362) olub.
DSMF Həsənova Qaze Həsən qızından DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı və Müdafiə Məsələləri üzrə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahələri icarəyə götürəcək.
DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofisin ümumi sahəsi 11 300 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 24 aylıq icarə haqqı olaraq 2 milyon 690 min 304 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 112 min 96 manat ödəyəcək.
DSMF-nin Müdafiə Məsələləri üzrə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofisin ümumi sahəsi 3 500 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 36 aylıq icarə haqqı olaraq 1 milyon 946 min 700 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 54 min 75 manat ödəyəcək.
Qeyd edək ki, DSMF daha əvvəl də Qaze Həsənova ilə çoxsaylı icarə müqavilələri bağlayıb.


Geri qayıt