Əsas Səhifə > Üst manşet / Güney Press > Zay məhsul satmaları bir yana...
Zay məhsul satmaları bir yana...Bu gün, 06:00 |
""Kontakt Home", müştəri məmnuniyyəti???14 oktyabrda "Kontakt Home-?"un Ukrayna dairəsi filialından bacım qızı üçün OPPO markalı telefon aldım. Və..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Gülnar Cəfərli adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Satış zamanı satıcı məhsulun qaytarılması ilə bağlı şərtlər barədə mənə heç bir məlumat vermədi. Məsələn, bu gün mağaza əməkdaşının mənə dediyi kimi, OPPO modelləri qaytarılarkən 20% komissiya tutulacağı barədə əvvəlcədən məlumat verilsəydi, əlbəttə ki, RAZILAŞMAZDIM! Axı kim aldığı məhsulu qaytararkən və ya dəyişdirərkən əlavə ödəniş etməli olacağını əvvəlcədən bilsə, həmin məhsulu alar?
Satıcı sadəcə ödənişi tələsik şəkildə kartımdan çıxardı. Mənə nə zəmanət talonu, nə də 20% komissiya şərtini əks etdirən hər hansı bir müqavilə təqdim etdi. Yalnız çeki verdi və ekran qoruyucusunun vurulması üçün məni başqa bir işçiyə yönləndirdi. Həmin işçi də telefonun qutusunu açdı.
O gün mağazada internet işləmədiyindən telefonu orada yoxlaya bilmədim. Evdə yoxlayarkən telefonun ləng işlədiyini gördüm və başqa marka ilə dəyişdirmək qərarına gəldim.
Müştəri xidmətləri ilə əlaqə saxlayıb vəziyyəti izah etdim. Mənə çek və ödəniş etdiyim kartla telefonu aldığım filiala yaxınlaşmağım tövsiyə olundu.
Filiala gedib vəziyyəti izah etdikdə isə əməkdaş bildirdi ki, telefonu qaytarmaq və ya yenisi ilə dəyişmək üçün iki variant var: ya 20% komissiya tutulacaq, ya da telefon servisə göndəriləcək. Servis qüsur aşkarlayıb akt tərtib edərsə, telefonu qaytarmaq mümkün olacaq.
Sualım bu oldu ki: ödənişi kartımdan tez bir zamanda çəkməklə iş bitmir, bəs niyə bu şərtlər mənə satış zamanı bildirilməyib? Təəssüf ki, nə mağaza əməkdaşı, nə də qaynar xəttdəki xanım bu sualıma cavab verə bildi! Təkrar yenə də soruşanda həmin şəxs bildirdi ki, biz məlumatı yalnız müştəri istəyəndə veririk. O zaman banklar bizə niyə biz soruşmadan bütün şərtləri deyirlər?
"Kontakt Home"un rəsmi saytındakı “Geri qaytarma siyasəti” bölməsində də bəzi məhsulların qaytarılması zamanı əlavə ödəniş tutulacağı barədə belə bir şərtə rast gəlmədim.
Əməkdaşlardan telefonu açıb öz rəsmi saytlarına daxil olub axtarış bölməsində məhsulun adını yazaraq telefonun necə işlədiyini yoxlamağı xahiş etdim. Cavab isə nə olsa yaxşıdır? “İnternet işləmir.”
Məsələ ilə bağlı OPPO-nun rəsmi nümayəndəliyinə də müraciət edərək belə bir 20% komissiya tələbinin onların şərtlərində olub-olmadığını öyrənəcəyəm.
"Kontakt Home", bu məsələyə aydınlıq gətirin və ədalətli həll yolu təklif edin. Satıcınızın qeyri-peşəkar satışının nəticəsi bu şəkildə olmamalıdır. Telefonun servisə göndərilməsini də istəmirəm, çünki bu modelin prosessoru onsuz da zəifdir. Buna görə telefonu başqa modellə əvəz edilməsini tələb edirəm, yaranan qiymət fərqini isə ödəməyə hazıram..."
Geri qayıt |