Əsas Səhifə > Üst manşet / Güney Press > Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL?

Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL?


Bu gün, 07:21

Bakıda azyaşlı övladına aliment ala bilməyən ana — Vəfa Habil qızı İsmayılova aidiyyatı icra qurumlarının fəaliyyətsizliyindən və qanun pozuntularından şikayətçidir. O, əlacsızlıqdan mətbuat vasitəsilə ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq müraciət xarakterli ərizəsində kömək istəyərək, azyaşlı övladının hüquqlarının qorunmasını, Suraxanı Rayon İcra Şöbəsinin fəaliyyətsizliyinin araşdırılmasını və borclunun qısa müddətdə tapılaraq (axtarış, məcburi gətirilmə və protokol tərtibi vasitəsilə) qanun çərçivəsində alimentin ödənilməsini təmin etməyi ondan xahiş edir.

Şikayətçi vətəndaşın Arazpress.com-a da daxil olan həmin müraciətində vurğuladığı ən ciddi məqamlardan biri icra vərəqinin cari ilin may ayında Suraxanı Rayon İcra Şöbəsinə göndərilməsindən sonra prosesin tamamilə dayanmasıdır: “Qanun 2 ay vaxt qoyur, Suraxanı İcra Şöbəsi isə 5 aydır hərəkətsizdir”.

Aşağıda şikayətçinin ərizəsini olduğu kimi dərc etməyi daha məqsədəuyğun hesab edirik:

“Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fərid Əhmədova

Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə sakini İsmayılova Vəfa Habil qızı tərəfindən

Ə R İ Z Ə

(Aliment qətnaməsinin icra olunmaması və icra məmurlarının fəaliyyətsizliyi barədə)

Cənab nazir!

Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1562/2024 saylı, 12.08.2024-cü il tarixli Qətnaməsinə əsasən, 29.06.2018-ci il təvəllüdlü azyaşlı övladım Əhədov Həsən Şirvan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Əhədov Şirvan Nurməmməd oğlundan hər ay 235 AZN məbləğində aliment alınaraq mənə ödənilməlidir.

Bu Qətnamə icra olunması üçün ilkin olaraq Cəlilabad Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu Əhədov Şirvan alimenti ödəməkdən yayınmaq məqsədilə Rusiya Federasiyasına getmiş və nəticədə 2026-cı ilin mart ayının sonuna kimi ödənişdən yayına bilmişdir. Buna görə də onun barəsində rəsmi axtarış elan edilmişdir.

Yalnız 2026-cı ilin mart ayının sonlarında ölkəyə qayıdarkən saxlanılan borclu Cəlilabad Rayon İcra və probasiya şöbəsinə təhvil verilmiş və icra məmuru Nicat Bəhmənov tərəfindən barəsində inzibati protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Lakin Cəlilabad Rayon Məhkəməsi tərtib edilmiş protokola əsassız olaraq xitam vermiş, mənim apellyasiya şikayətimə baxan Şirvan Apellyasiya Məhkəməsi də həmin Qərarı qüvvədə saxlamışdır.

Borclu Ş. N. Əhədov protokol tərtib olunduğu ərəfədə müxtəlif vaxtlarda mənə ümumilikdə 1540 AZN ödəniş etsə də, məhkəmənin xitam qərarından (10.04.2026-cı il) sonra ötən 6 ay ərzində mənə bir qəpik də olsun vəsait ödəməmişdir. Hazırda borclunun mənə 5500 AZN aliment borcu yaranmışdır.

Mənə məlum olan məlumata görə, cari ilin may ayında borclunun yaşayış yerini dəyişərək Bakı şəhəri, Suraxanı rayonuna köçməsi ilə bağlı Cəlilabad İcra şöbəsinə arayış təqdim edilmiş və icra vərəqi Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Sənədin göndərilməsindən artıq 5 ay keçməsinə baxmayaraq, Suraxanı Rayon İcra Şöbəsi tərəfindən məhkəmə qərarının icrası ilə bağlı heç bir maraqlanan və ya tədbir görən olmayıb.

Şöbə ilə əlaqə saxlamaq üçün Ədliyyə Nazirliyinin rəsmi saytında qeyd olunan nömrələrə (rəis Elnur Piriyev: 010-397-92-52 və 012-452-18-74) zəng etmək cəhdlərim isə tamamilə boşa çıxır. Çünki hər iki nömrəyə zəng edərkən, “nömrə təyin edilməyib” cavabı verilir.

Məsələ ilə bağlı 21.08.2026-cı il tarixində şəxsən Sizə, Baş İcra Xidmətinin rəisi Vidadi Məmmədova, Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi Taleh Quliyevə və Cəlilabad İcra şöbəsinin rəisi Mahir Əsgərova rəsmi qaydada ərizə ilə müraciət etsəm də, heç bir qurumdan rəsmi cavab ala bilməmişəm. Yalnız Cəlilabad İcra şöbəsinin icra məmuru N. Bəhmənov telefonla zəng edərək, sənədlərin Suraxanıya göndərildiyini şifahi bildirməklə kifayətlənib.

«İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunvericilikdə konkret müddət göstərilsə də, mənim icra sənədlərim artıq 5 aydır ki, Suraxanı Rayon İcra Şöbəsində sanki bir bataqlığa düşərək, yoxa çıxıb.

Cənab nazir!

Azyaşlı övladımın hüquqlarının müdafiəsi və elementar ehtiyaclarının ödənilməsi üçün Sizdən xahiş edirəm:

— Məhkəmə qətnaməsinin icrasını əsassız olaraq gecikdirən Suraxanı Rayon İcra Şöbəsinin icra məmurları ilə bağlı dərhal araşdırma aparılmasına göstəriş verəsiniz. Qətnamənin məcburi icrasının qısa müddətdə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsinə köməklik göstərəsiniz.

Hörmətlə,
İsmayılova Vəfa Habil qızı
Tarix: 12.10.2026-cı il”.


Arazpress.com-


Geri qayıt