Əsas Səhifə > Üst manşet / Güney Press > Peşə təhsilində əməkhaqqı və kadr böhranı

Peşə təhsilində əməkhaqqı və kadr böhranı


Bu gün, 05:25

Ölkənin peşə təhsili sistemində ciddi problemlər yaşanır. Müəllim və usta çatışmazlığı, işə qəbul imtahanları ətrafında yaranan narazılıqlar, əməkhaqlarının və tələbə təqaüdlərinin gecikməsi sistemdə böhranlı vəziyyət yaradıb.

"DİA-AZ" Tehsilmedia.org-a istinadən bildirir ki, peşə təhsili üzrə işə qəbul imtahanlarında ciddi narazılıq yaranıb. İmtahan və müsahibə prosesinin qeyri-şəffaf keçirildiyi iddia olunur. Nəticədə yüzlərlə vakant ştatın yenə də boş qaldığı bildirilir. Bu gün peşə təhsili müəssisələrində müəllim və usta çatışmazlığı hökm sürür, tələbələr isə dərssiz qalır.

Maraqlıdır ki, yaranmış vəziyyət müəssisə direktorlarının maraqlarına uyğun gəlir. Belə ki, vakant yerlərin boş qalması fonunda direktorların öz istədikləri şəxsləri müəllim və usta kimi işə götürdükləri, bunu isə müəyyən maraqlar naminə etdikləri iddia olunur.

Hazırda ölkənin peşə təhsili müəssisələrində ciddi narahatlıq hökm sürür. Müəllim və usta çatışmazlığı səbəbindən tələbələrin normal təhsil alması çətinləşir. Tələbələrin sayının çoxluğu isə bəzi hallarda bir neçə qrupun məcburən eyni sinifdə birləşdirilməsi ilə nəticələnir. Beləliklə, həm kadr çatışmazlığı, həm də dərslərin təşkili ilə bağlı problemlər peşə təhsili sistemində vəziyyəti daha da ağırlaşdırır.

Əməkhaqları niyə verilmir?

Peşə təhsili sistemində daha bir ciddi problem əməkhaqları ilə bağlıdır. Artıq iki aydır ki, peşə təhsili müəssisələrində çalışan müəllimlərin, istehsalat təlimi ustalarının və texniki işçilərin əməkhaqlarının ödənilməsində gecikmə yaşanır. Məlumata görə, işçilər yalnız avqust ayının əməkhaqqını alıblar. Sentyabr ayı üzrə ödənişlər isə oktyabrın üçüncü həftəsi olmasına baxmayaraq hələ də verilməyib.

Müəllimlərə səbəb kimi maliyyə problemlərinin olduğu bildirilir. Lakin burada haqlı sual yaranır: Elm və Təhsil Nazirliyinin tabeliyində olan digər qurumlarda maliyyə problemi yaşanmadığı və əməkhaqları ödənildiyi halda, peşə təhsili müəssisələrində çalışanlar niyə maaşlarını ala bilmirlər?

Ailəsini dolandırmaq, gündəlik xərclərini qarşılamaq məcburiyyətində olan müəllim və ustalar əməkhaqlarını ala bilmədikləri üçün çətin vəziyyətə düşüblər. Hətta işə gedib-gəlmək üçün vəsait tapmaqda çətinlik çəkdikləri bildirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin də bu vəziyyətdən məlumatlı olduğu deyilir. Ancaq müəllimlərin bildirdiyinə görə, Agentliyin rəhbəri İlqar Bayramlı onların hansı şəraitdə yaşaması, əməkhaqlarını almadan işə necə gedib-gəlməsi ilə maraqlanmır. Müəllimlərin əsas tələbi yaranmış problemin məhz İlqar Bayramlı tərəfindən araşdırılmasıdır. Lakin indiyədək bu istiqamətdə konkret addım atılmadığı bildirilir.

Tələbələrə təqaüd də verilmir

Peşə təhsili sistemindəki maliyyə problemi tələbələrdən də yan keçməyib. Belə ki, tələbələrin təqaüdlərinin də vaxtında ödənilmədiyi, onlara ödənişlərin noyabr ayından etibarən veriləcəyinin deyildiyi bildirilir. Bununla belə, tələbələrdən dərslərə gəlmələri tələb olunur. Təqaüdlərini ala bilməyən tələbələr isə maddi imkanlarının olmadığını, bu səbəbdən dərsə gedib-gəlməkdə çətinlik çəkdiklərini bildirirlər. Nəticədə, tələbələrin davamiyyəti ilə bağlı da problemlər yaranır.

Belə bir vəziyyətdə suallar çoxdur: Peşə təhsili müəssisələrində müəllim və usta çatışmazlığı niyə aradan qaldırılmır? İşə qəbul imtahanları və müsahibələr ətrafında yaranan narazılıqlar niyə araşdırılmır? Müəllimlərin əməkhaqları və tələbələrin təqaüdləri nə üçün gecikdirilir? Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı yaranmış vəziyyətlə bağlı nə zaman mövqe bildirəcək və müəllimlərin tələblərinin araşdırılması üçün hansı addımları atacaq?

Peşə təhsili sistemindəki bu problemlərin cavabsız qalması həm müəllimlərin sosial vəziyyətinə, həm də tələbələrin təhsilinə mənfi təsir göstərir.


Geri qayıt