
"Son 3–4 gündə bəzi şagird və tələbələrin düşüncə tərzinə, davranışlarına və etdiklərinə bu platforma sayəsində açıq-aşkar şahid olduq. Bunlar hələ yalnız kameraya düşənlərdir, görmədiklərimizin sayı bəlli deyil heç..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Kitab oxumayan, fikrini uzun müddət bir mövzu üzərində cəmləyə bilməyən bir nəsil yetişir. Sosial şəbəkələrdə 5–7 saniyəlik videoları dayanmadan sürüşdürmək insanı qısamüddətli dopaminə alışdırır; nəticədə nəyisə sona qədər oxumaq, anlamaq və təhlil etmək getdikcə çətinləşir. Hətta bir çoxunda ADHD-ni xatırladan diqqət dağınıqlığı və impulsiv davranışlar görünür.
Bu uşaqların bir qismini artıq valideyn tərbiyəsi deyil, sosial şəbəkələrin alqoritmləri və oyunlar formalaşdırır, yönləndirir və idarə edir. Ən qorxulusu isə budur ki, valideynlərin çoxu baş verənlərin fərqinə belə varmır.
TikTok insanların daxilindəki bütün çirkinlikləri rentgen kimi göstərən platformadır. Kim necədirsə, burada elə də görünür..."
























