
Azərbaycanda “Epoint” brendi altında fəaliyyət göstərən “Global İnnovations” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, şirkətin yeni təkbaşına rəhbəri Abdullayev Eynar Rəfail oğlu təyin edilib. O, bu vəzifədə şirkətin təsisçisi Zeynal Kərimzadəni əvəz edib.
Eynar Abdullayev bundan əvvəl Azərbaycanın ödəniş xidmətləri bazarının iştirakçılarından olan “GoldenPay” ASC-nin baş icraçı direktoru və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. O, hazırda “GoldenPay”in Müşahidə Şurasının üzvüdür.
Yeni rəhbər həmçinin Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyəti sədrinin müavinidir. Onun rəqəmsal ödənişlər, maliyyə texnologiyaları və ödəniş infrastrukturlarının idarə edilməsi sahəsində təcrübəsi var.
Rəhbərlik dəyişikliyindən sonra Zeynal Kərimzadə şirkətin təsisçisi olaraq fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Global İnnovations” MMC Azərbaycan Mərkəzi Bankının 24 iyul 2024-cü il tarixli ÖT-002 nömrəli lisenziyası əsasında ödəniş əməliyyatlarının ekvayrinqi fəaliyyəti ilə məşğuldur. Şirkət “Epoint” brendi altında onlayn ödənişlərin qəbulu, elektron ticarət və bizneslər üçün rəqəmsal ödəniş həlləri təqdim edir























