
Bir neçə gün öncə Xalq artisti, görkəmli sənətkar Rafael Dadaşovun Akademik Milli Dram Teatrında 80 illik yubileyi qeyd olundu. Bu münasibətlə teatrda “Evlənmə” tamaşası nümayiş olundu. Yubileydə bir çox tanınmış insanlar, sənət adamları və sənətkarın ailə üzvləri də iştirak edirdilər. Hər zaman olduğu kimi teatrdakı ön sırada səbəbkarın ailə üzvləri əyləşmişdilər. Qızı, bacıları və digər ailə üzvlərinin iştirak etdiyini hər kəs gördü. Nədənsə yubileydə sənətkarın xanımı Sədaqət Dadaşovanın gördüm deyən olmadı. Sənətkarın xanımının yubileydə iştirak etməməsi sosial şəbəkələrdə də müzakirə doğurub. Əslində isə Sədaqət xanım və bacısı Lalə Dadaşova yubiley gecəsində iştirak ediblər, amma gözdən və könüldən uzaq bir yerdə oturublar.
Sənətkarın qızı Səidə Dadaşova Moderator.az-a açıqlamasında bunları bildirib:
“Vallah bilmirəm, xəbərim yoxdur. Əzizə və Gülnarə bibim, Əsgər, bibim oğlu və qızı orada idilər. Başqa heç kimi görməmişəm. Bu haqda heç bir məlumatım yoxdur. Yəqin ki, ailə üzvü olaraq onlara da deyilib, amma iştirak edib-etmədiklərini bilmirəm. Görməmişəm də” deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Səidə Dadaşova anası Sədaqət Dadaşova ilə barışdığını elan etmişdi. O həmçinin xalası Lalə Dadaşova ilə də aralarında heç bir incikliyin olmadığını bildirmişdi.
























