
“Akyor daim öz üzərində işləməlidir, daim çəkiliş meydançasında olmalıdır. Onlar ard-arda çəkilirlər, uğurlar qazanırlar və sonradan işıq başlayır közərməyə, sönür, yaddan çıxırlar. Mən də onların içində. Bütün aktyorların taleyi belədir. Aktyor rejissordan asılı adamdır, hər zaman dəvət gözləyir, çəkilmək istəyir. Yəqin ki, rejissorlar da ekran üçün təzə simalar, sifətlər axtarırlar. Ona görə də bəzən filmlərə baxırsan, fikirləşirsən ki, gərək bu rolu mən oynayardım, niyə filankəsi çağırıblar?!”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktyor Ötkəm İsgəndərov deyib.
O daha sonra əlavə edib:
“Son illərdə dünyasını dəyişən sənətkarlarımız indi çəkilən filmlərdə bəlkə də müəyyən bir rol ola bilərdilər. Çünki aktyor həmişə oynamaq istəyir. Rejissor dəvət edəndə çəkilir, dəvət etməyəndə isə işsiz qalır. Qalır ki, nə etsin?! Xalq artistləri Rasim Balayev, Fuad Poladov, Ənvər Həsənovdan lazımınca istifadə olunmadı. Onlar çox gözəl obrazlar yaradıblar. Bundan sonra da yaratmaq əzmində idilər. Sadəcə olaraq ömür vəfa etmədi. Dövr elə gətirdi ki, indiki tələbat başqa cür oldu.. Şəxsən mən özümdən götürüm, istəyirəm ki, bizim o dövrdə gördüyümüz kimi çəkilişlər, filmlər olsun. Amma indi zaman dəyişib. Gənclər başqa cür düşünürlər. Biz qabaq “plyonka”-ya çəkilirdik, indi rəqəmsal kamera ilə çəkirlər. İndi filmlərə hazırlıq dövrü də az olur. Sürət əsridir. 1 həftəyə 1 film, 1 seriya çəkirlər. Amma əvvəl film 6-7 aya ərsəyə gəlirdi. Zamanla ayaqlaşmaq lazımdır. Şəxsən mən bunu başa düşürəm” deyə sənətkar bildirib.
Qeyd edək ki, Əməkdar artist Ötkəm İsgəndərov “Azərbaycanfilm” kinostudiyasının ərsəyə gətirdiyi bir çox filmlərdə rol alıb. O uzun illər Mədəniyyət və İncəsənət Universitetində “Aktyor sənəti” fakültəsində dekan çalışıb.
























