
Xalq artisti, görkəmli sənətkar Şahnaz Haşımova 50 ilə yaxındır pedaqoji fəaliyyətlə məşğul olur.
O bu haqda Moderator.az-a müsahibəsində danışıb:
“Müəllimlik müqəddəs sənətdir, müqəddəs peşədir. Hər bir müəllimin arzusu dəyərli tələbələr yetişdirməkdir. Tələbələr yüksək peşə sahibi olanda, ixtisasını gözəl öyrənəndə, peşəkar ifa edəndə biz müəllimlər də dünyanın xoşbəxti oluruq. Belə olan halda müəllim həmişə tələbələri ilə öyünür, fəxr edir. Mən ağlım kəsəndən, musiqi kollecini bitirəndən, musiqi müəlliməsi diplomunu alandan-1979-cu ildən müəllimlik edirəm, şagirdlər yetişdirirəm. Bu illər ərzində çox gözəl, dəyərli tələbələr yetişdirmişəm. Mənim tələbələrim adlı-sanlı ifaçılardır. Elə bizim ailədən iki tanınmış, şöhrətli sənətkar çıxıb. Peşəsinə sevə-sevə yanaşan, muğam, xalq mahnılarını ifa edən ilk mən olmuşam. Mənim yolumu da bacım Aybəniz Haşımova və oğlum Tural Abdullayev davam etdirib. Onların ikisi də respublikanın Əməkdar artistləridir, dəyərli sənətkarlardır. Hər il də bir neçə tələbəm konservatoriyaya daxil olur. Onların hər biri respublikada keçirilən festivallarda, müsabiqələrdə çıxış edirlər, mükafatlara layiq görülürlər. Bir müəllim kimi bu məni fərəhləndirir və sevindirir. Tələbələrimlə fəxr edirəm” deyə sənətkar bildirib.
Sənətkar hər zaman gənclərə dəstək olduğunu, amma öz gənclik illərində dəstəksiz qaldığını da bildirib:
“Bu sənət Allah vergisidir. Sənətkarları da göydən yerə Allah göndərir. Təhsillə, müəllimlə sənətkar olmaq olmur. Gərək insanın özündə də nəsə olsun. Biz müəllimlər o qığılcımın üzərində işləyib, nəyəsə nail ola bilərik. Muğamlarımızı, klassik əsərlərimizi yaşadan gənclərin hər zaman yanındayam. Mən hər zaman dəstəksiz, darda qalan insanların yanında olmuşam. Bilirsiniz niyə? Çünki gənclik illərimdə özüm bir o qədər də dəstək görməmişəm. Əksinə, əllərindən gələni ediblər ki, oxumayım, səhnədə, tədbirlərdə olmayım. Ona görə də dəstəksiz qalan gəncləri yaxşı başa düşürəm” deyə sənətkar bildirib.
























