
Prezidentin yüksək rütbəli hərbçilərə, eləcə də, Qarabağ qazilərinə verdiyi mənzillərdə bina və kommunal xərclər başqa sakinlərlə müqayisədə iki dəfə artıq hesablanır. Binanın rəhbərinin özünün satdığı mənzillərdə isə bu xərclər hərbçilərin yaşadığı mənzillərlə müqayisədə iki dəfə aşağıdır. Hazırda hərbçilər bu məsələ ilə bağlı işi məhkəmədədir.
Bu barədə Bizimyol.info xəbər portalına bir qrup hərbi qulluqçu müraciət edib.
Bir qrup hərbi qulluqçuya Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” fərmanına əsasən, müvafiq komissiya tərəfindən mənzillər verilib.
Yüksək rütbəli zabit bildirib ki, Azərbaycanda mənzillə təmin olunan ilk hərbi qulluqçulardan biri də onlardır. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7 ünvanında 100-dən artıq hərbi qulluqçu ilk dəfə cənab Prezident tərəfindən mənzillə təmin olunub.
O deyib ki, həmin müddətdə əhalisinin böyük hissəsi məcburi köçkün olan bir dövlətdə Prezidentin 2011-ci ildə hərbi qulluqçuları və zabitləri mənzillə təmin etməsi bizim üçün doğrudan da gözlənilməz oldu. O zaman böyük sevinc içində idik. İndi də həmin sevinci davam etdiririk.
Zabit deyir: “Burada bir neçə kateqoriyadan olan insanlar var. MKS-3 MMC-nin əslində buradakı fəaliyyəti qanunsuzdur. Biz bununla bağlı məhkəməyə müraciət etdik.
Mən 2016-cı ildə burada yaşamırdım. Xidmətlə bağlı müxtəlif yerlərdə olmuşam. Bu evə 2022-ci ilin dekabr ayında köçmüşəm. Həmin dövrdə kommunal xərclərlə bağlı problemlərə görə bir qrup zabit məhkəməyə müraciət edib.
Bəzilərinə kommunal xərc 15 qəpik olduğu halda, bizim zabitlərə hər kvadratmetrə görə 30 qəpikdən hesablanırdı. Bu da Azərbaycan qanunvericiliyinə ziddir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ pozulur. Eyni zamanda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 36, 38, 141 və 142-ci maddələrində deyilir ki, binanın saxlanmasına çəkilən xərclərin mütənasib hissəsi, yəni bərabər hissəsi mülkiyyətçiyə aid edilə bilər.
Burada kütləvi şəkildə pozuntular var. Birindən 15 qəpik, birindən 17,5 qəpik alırlar. Birindən 18,5 qəpik, digərindən 20 qəpik alırlar. Bəzisindən 22 qəpik, 22,5 qəpik, bəzisindən isə 28 qəpik və sair məbləğlər alınır.
Yəni konkret olaraq burada standart bir məbləğ yoxdur. Standart məbləğ necə olmalıdırsa, bunun bir riyazi modeli olmalıdır. Bu qəpik nəyə görə belə hesablanır, niyə belə olur?”
Zabit vurğulayıb: “Mən özüm maraqlanmışam. Bakı şəhərində, yaxud Azərbaycan Respublikasının başqa regionlarında bizdən başqa belə bərbad vəziyyət yoxdur. Təsəvvür edin ki, 566 mənzil var. O mənzillərin ödəmələri bir-birinin üzərinə düşmür. Bu da Mülki Məcəllənin və Konstitusiyanın birbaşa pozulması deməkdir. Biz hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bizim üçün niyə həmin məbləğ tətbiq olunmur? Nə üçün mən 17-ci mərtəbədə yaşayandan, 18-20-ci mərtəbədə yaşayandan iki dəfə çox ödəyirəm?
Lift onların güzəştli şəkildə məbləği ödəyən insanların mənzilinə 15 qəpiyə qalxır, məni isə 10-cu mərtəbəyə 30 qəpiyə qaldırır.
İndi isə ümumiyyətlə, qanunsuz olaraq 2023-cü ildən qaldırıblar. Deyiblər ki, guya sizin maaşlarınız artıb. Maaşlarınız artdığına görə 30 qəpikdən 40 qəpiyə qaldırdıq. Bunun da bir iqtisadi hesabatı, göstəricisi olmalıdır. Hesabat vermirlər”.
Zabit əlavə edib: “Bizim məhkəmə prosesimiz var. Bugünkü gün də məhkəmə prosesi davam edir. Ona görə məhkəməyə vermişik ki, hansı hesabla siz bizə bu şəkildə kommunal xərcləri ödəməyi tətbiq edirsiniz?
Bugünkü gün də bu problemlər davam edir. Belə problemlər bu ərazilərdə baş alıb gedir”.
























