
"Hazırkı media imperiyasının pulları haradan gəlir hara gedir? Mediada bu sualı vermək nədənsə həmişə çətin olub. Əslində cavabı bilirik amma hələki heç nə sübut etmək olmur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Günel Musa yazır.
O daha sonra fikrini belə davam etdirir: "Sualın özündə ittiham yoxdur.
Şirkət sahibi olmaq cinayət deyil. Bizneslə məşğul olmaq cinayət deyil. Media qurumunun sponsorunun olması da qanunla mümkündür. Azərbaycan qanunvericiliyi çap və onlayn media subyektlərinin sponsorluqla maliyyələşdirilməsini nəzərdə tutur.
Amma media cəmiyyət qarşısında ictimai əhəmiyyət daşıyan fəaliyyət göstərirsə, onun maliyyə modelinə dair suallar da legitimdir.
Xüsusilə də söhbət illərlə fəaliyyət göstərən, böyük auditoriyaya malik, bir neçə media resursunu ətrafında birləşdirən və eyni zamanda müxtəlif kommersiya strukturları ilə əlaqələri görünən şəxslərdən gedirsə.
Pullar haradan gəlir və hara gedir? Media qurumuna ayrılan vəsaitlə jurnalistin cibinə çatan vəsait arasında nə qədər məsafə var?
Gəlin baxaq.
Bir media qurumunu götürək.
Onun hüquqi sahibinə baxaq.
Sonra həmin sahibin iştirak etdiyi digər şirkətlərə baxaq.
Sonra həmin şirkətlərin fəaliyyət sahələrinə.
Sonra əlaqələrə.
Sonra açıq maliyyə məlumatlarına.
Sonra dövlət satınalmaları və müqavilələr barədə mövcud məlumatlara.
Sonra sponsorluq və reklam münasibətlərinə.
Və bütün bunları bir xəritədə birləşdirək.
Nəticədə kimin “pis adam”, kimin “yaxşı adam” olduğunu elan etməyə ehtiyac qalmayacaq.
Sənədlər danışacaq. DTX- nın növbəti ünvanı bu şəxslər olmalıdır.
Media haqqında danışanda daim onun nə qədər çətin sahə olduğu deyilir.
Reklam bazarı zəifdir.
Oxucu pul ödəmir.
Saytların gəliri azdır.
Jurnalistika kommersiya baxımından sərfəli sahə deyil. Bunları eşidirik.
Amma eyni media mühitində başqa bir mənzərə də görürük. Bir vaxtlar bütün fəsilləri eyni şalvarda, eyni ətəklə keçirən adamlar necə olur ki, baş redaktor, media kapitanı olandan üç- beş il içərisində təkcə media fəaliyyəti ilə deyil, müxtəlif bizneslər, şirkətlər və daşınmaz əmlaklarla əlaqələndirilən kifayət qədər ciddi iqtisadi imkanlara sahib olurlar.
Burada mənim sualım heç də “filankəs niyə varlandı?” deyil.
İnsan varlana bilər. Bu problem deyil.
Bəs bu sərvətin iqtisadi mexanizmi nədir?
Əgər media bu qədər gəlirli biznesdirsə, niyə jurnalistlər bu gəlirdən demək olar ki, pay almırlar?
Niyə illərlə xəbər dalınca qaçan, gecə-gündüz işləyən, reportaja gedən, müsahibə alan, material hazırlayan jurnalistin maaşı çox vaxt özünün və ailəsinin normal yaşayışını təmin etmək üçün belə kifayət etmir?
Niyə redaksiyanın əsas məhsulunu yaradan adam ən zəif halqaya çevrilir?"
























