
"Rəsmi məlumata görə, Azərbaycanda bankların kredit qoyuluşları 2026-cı il avqustun 31-də 32 milyard 824,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 4 milyard 119,3 milyon manat və ya 14,4% çoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məbləğ baxımından ən böyük artım Bakıda qeydə alınıb. Paytaxtda kredit qoyuluşları illik 3 milyard 251,7 milyon manat və ya 14,9% artaraq 25 milyard 65 milyon manata çatıb. Bu artım ölkə üzrə ümumi artımın təxminən 79%-nə bərabərdir.
Kredit portfeli artımının, portfelin tamamının 80%-i Bakının payına düşürsə, şəhərdə tıxac da olacaq, dözülməz şərait də - məmləkətin bütün iqtisadi, sosial, mədəni fürsətlərini Bakıya toplayanda belə nəticə qaçılmaz idi.
Hər gün gördüyümüz, yaşadığımız nəticəni saatlarla müzakirə etsək nə dəyişəcək ki?! Bu nəticəni doğuran səbəblər yerdindəcə durur, hətta artır da..."
























