
"Hazırda Bayır şəhər ərazisində genişmiqyaslı söküntü işləri aparılır. Bayır şəhər sakini olaraq sizdən xahiş edirəm ki, söküntü aparılan ərazilərin, söküntü qalıqları tam şəkildə ərazidən çıxarılana və sökülmüş sahələr müvafiq qurumlar tərəfindən tam bağlanana qədər müvəqqəti mühafizə xidməti ilə təmin olunması məsələsinə diqqət yetirəsiniz..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı müraciətində tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir qeyd edir.
O, müraciətini daha sonra belə davam etdirir: "Son günlər söküntü aparılan və nəzarətsiz qalan ərazilərdə müxtəlif xoşagəlməz hallar müşahidə olunmağa başlayıb. Dağıntılar arasında və boş sahələrdə tualet kimi istifadə halları, spirtli içki və digər maddələrin qəbulu, eləcə də müxtəlif şəxslərin həmin ərazilərdə toplaşması halları artır.
Xüsusilə söküntü sahələrinin arasında yerləşən kiçik küçələr, keçidlər və qaranlıq ərazilər axşam saatlarında sakinlər üçün təhlükəli vəziyyət yaratmağa başlayıb.
Söküntü işləri tam başa çatana, dağıntılar ərazidən götürülənə və ərazilər müvafiq qaydada bağlanana qədər bu sahələrin nəzarətsiz qalması həm ictimai asayiş, həm də sakinlərin təhlükəsizliyi baxımından ciddi risk yaradır.
Bu səbəbdən aidiyyəti qurumlardan xahiş edirəm ki, söküntü aparılan ərazilərdə müvəqqəti olaraq mühafizəçilərin və ya mühafizə xidmətinin təşkil olunması, ərazidə nəzarətin gücləndirilməsi və sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülsün.
Ümid edirəm ki, məsələ hər hansı daha ciddi hadisə baş verməmişdən əvvəl nəzərə alınacaq.
Bayır şəhər sakini olaraq aidiyyəti qurumlardan bu məsələyə təcili diqqət yetirmələrini xahiş edirəm..."
























