"Son vaxtlar Bravo marketlerde eyni vəziyyətlə bir neçə dəfə qarşılaşıram. Rəfdə məhsulun üzərində bir qiymət göstərilir, kassaya yaxınlaşanda isə həmin məhsul tamamilə başqa qiymətə, daha baha qiymətə vurulur". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Lalə Əliyeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Satıcıya soruşanda ki, rəfdə bir qiymət olduğu halda kassada niyə başqa qiymət hesablanır, sanki heç nə baş verməyibmiş kimi gözlərini döyüb səhvi düzəltməyə başlayırlar. Əvvəllər çeklərimi heç vaxt yoxlamırdım iş yoldaşım deyəndən sonra çeklərə diqqət etməyə başladım. Artıq düz dörd dəfə eyni hal təkrarlandı. Hətta qəpik-quruş məsələsində belə, məhsulun qiymətinə əlavə 15-20 qəpik yazılır, amma rəfdə göstərilən qiymət başqa olur. Bir alıcıdan 1 manat artıq götürülsə, gün ərzində yüzlərlə müştərinin alış-veriş etdiyini nəzərə alsaq, bunun nə qədər böyük məbləğə çevrildiyini təsəvvür etmək çətin deyil. Rəfdə bir qiymət göstərib kassada başqa qiymət tətbiq etmək qəbuledilməzdir və alıcının cibinə girməkdən başqa bir şey deyil. Ona görə hamıya məsləhətim budur ki, marketlerde alış-veriş edərkən mütləq çekinizi elə kassanın yanında yoxlayın və rəfdəki qiymətlə kassada vurulan qiymətin eyni olub-olmadığına diqqət edin. Aldanmayın və haqqınızı tələb edin. Mən özüm üçün nəticə çıxarmışam ki bundan sonra harada alış-veriş etməyimdən asılı olmayaraq çeklərimi mütləq yoxlayacağam..."
























