"Mən 1994-cü ildən H.Z. Tağıyev adına NQÇİ-də çalışmışam. Ömrümün ən böyük hissəsini bu müəssisədə zəhmət çəkərək keçirmişəm. Təəssüf ki, illərlə çəkdiyim zəhmətin və əməyin qarşılığında haqqımın dəfələrlə tapdalandığını düşünürəm..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində SOCAR işçisi olmuş Nazilə Məmmədli qeyd edir.O daha sonra öz müraciətində belə bildirir: "İşlədiyim ilk dövrdə cəmi 11 ay çalışdıqdan sonra rəhbərlik tərəfindən əmək haqqım özlərinə gətirilib məni evdə oturmağa məcbur etdilər. 2010-cu ildə rəhbərlik dəyişdikdən sonra uzun və ciddi mübarizədən sonra yenidən işimə qayıda bildim. 1994-cü ildən 2010-cu ilədək işlədiyim müddət ərzində əmək haqqımın və digər ödənişlərin, o cümlədən analıq məzuniyyəti ilə bağlı müavinətin və maddi yardımların mənə ödənilmədiyini bildirirəm. Bu ödənişlərin hansı əsasla və hansı qaydada hesablanmadığının araşdırılmasını xahiş edirəm.
Xahiş edirəm, həmin illərə aid əmək müqavilələrim, əmək haqqı hesablamalarım, məzuniyyət və analıq məzuniyyəti ilə bağlı sənədlər, müvafiq ödəniş sənədləri və müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmuş maddi yardımlarla bağlı məlumatlar araşdırılsın və mənə rəsmi şəkildə məlumat verilsin.
NKH və NS-də işlədiyim dövrdə sex rəisinin mənə qarşı kobud və düzgün olmayan rəftarına görə rəhbərliyə şikayət etdim. Bundan sonra həmkarlar ittifaqından və digər əməkdaşlardan imzalar toplandı və mənim dediklərimin yalan olduğu bildirildi. Halbuki 2025-ci ildə işdən çıxarkən həmkarlar ittifaqının sədri mənə özü etiraf etdi: “Biz səni qoruduq.”
Mən isə soruşuram: Siz məni kimdən və nədən qorudunuz? Mən sizin kimi və nəyi qoruduğunuzu görmədim. Əgər həqiqətən məni qorumuşdunuzsa, niyə illər boyu haqqımı tələb edəndə tək qaldım? Mənim günahım olsaydı əgər siz məni işdə saxlamazdız? Başqa sahəyə keçirtməzdiz ?Günahkarınnisa günahlarını gizlətdiz illərdir vəzifədə qalıb işləyir.
2015-ci ildən ET və EAS-də laborant kimi çalışmağa davam etdim. Ən az əmək haqqı alsam da, yalnız öz vəzifəmi yerinə yetirməklə kifayətlənmədim. Mənə verilən əlavə tapşırıqları da artıqlaması ilə yerinə yetirdim. Tabel işləri, anbardan malların alınması, sexə aid müxtəlif işlər və digər tapşırıqları vicdanla gördüm. Heç vaxt zəhmətdən və işdən qaçmadım. Hər kəsə bacardığım köməyi etmişəm.
2022-ci ildən bizi GL TOC MMC-yə ərizə yazdıraraq keçirdilər. 7 iyul 2025-ci ildə 6 aylıq əmək müqaviləmin müddəti başa çatdı. Mənə müqavilənin yenilənməyəcəyi bildirildi və məcburi şəkildə “öz xahişimlə işdən çıxmağım” barədə əvvəlcədən hazırlanmış blank ərizəyə imza atdırıldı.
Dəfələrlə həmkarlar ittifaqına və rəhbərliyə bildirdim ki, mən ailənin yeganə qazanc gətirən və ailə başçısıyam. Himayəmdə köməksiz, əlilliyi olan anam var. Mənim üçün bu iş sadəcə bir iş yeri deyildi — ailəmin çörəyi, anamın və ailəmin dolanışığı idi. Buna baxmayaraq, vəziyyətimə qulaq asan və məni dinləyən olmadı.
Artıq 1 il 3 aydır işsizəm. Bu müddət ərzində ailəmi dolandırmaq, anamın ehtiyaclarını qarşılamaq mənim üçün çox ağır olub.
Dəfələrlə sosial şəbəkələrdə mənə qarşı edilən haqsızlıqları yazdım. Lakin yazılarımın silindiyini, rəy bölmələrində bloklandığımı gördüm. 12 fevral 2026-cı ildə məni idarə rəhbəri, kadrlar və hüquqşünas çağırdı. Məndən sosial şəbəkələrdə yazdıqlarımı silməyim və GL-dən narazı olmadığım barədə izahat yazmağım tələb olundu.Yenə məcbur olaraq onıarın dediyi sözləri yazdım və imzamı atdım.
Mən isə susmadım. Mənə məlum olan və gördüyüm məsələləri, idarədə olduğunu düşündüyüm yeyinti və digər problemlərlə bağlı faktları rəhbərliyə çatdırdım. Mənə bildirdilər ki, məsələlər araşdırılacaq, ölçü götürüləcək və qanun çərçivəsində cavab veriləcək. Amma bu günə qədər həmin araşdırmanın nəticəsini görməmişəm. Görünür, burada da mənə sadəcə vəd verilib.
Mən heç kimdən imtiyaz istəmirəm. Mən illərlə çəkdiyim zəhmətə, əməyimə və haqqıma ədalətli münasibət istəyirəm.
Bu gün mən və mənim kimi ailə başçıları, təkbaşına ailəsini dolandıran insanlar işsiz qalıb. Amma bəzi insanların işləməyə davam etməsi bizdə haqlı suallar yaradır.
Bu, ədalətdirmi?
Mənim bu yazımı da silə, məni yenə bloklaya bilərsiniz. Amma yazını silməklə yaşadığım problemlər, illərlə çəkdiyim zəhmət və cavabsız qalan suallar yox olmayacaq.
Mən sadəcə bir insan kimi soruşuram: Mənim 1994-cü ildən bu müəssisəyə verdiyim əməyin qarşılığı budurmu? İllərlə çalışan, verilən hər işi vicdanla yerinə yetirən bir işçini bu şəkildə işsiz və çörəksiz qoymaq ədalətlidirmi?
Xahiş edirəm, mənim müraciətimə sosial şəbəkə paylaşımı kimi yox, illərlə bu müəssisədə çalışan bir işçinin haqqını tələb edən müraciəti kimi yanaşın.
NKH və NS-də və ET və EAS -də baş verənlərə, mənim şikayətlərimə, həmkarlar ittifaqının mövqeyinə, 2025-ci ildə işdən çıxarılmağıma, 12 fevral 2026-cı ildə keçirilən görüşə və rəhbərliyə bildirdiyim faktlara obyektiv və qanuni qiymət verilməsini istəyirəm.
Mən susdurulmaq yox, dinlənilmək və haqqıma ədalətli qiymət verilməsini istəyirəm.
***
2022-ci ildə digər şirkətə keçid zamanı həmkarlar ittifaqının sədri gəlib hamımıza bildirdi ki, sənədlərə imza atıb keçin, heç kim işdən kənarlaşdırılmayacaq, hamı öz işində çalışacaq. Biz də bu sözlərə inanaraq imza atdıq və işimizi davam etdirdik. Lakin sonradan baş verənlər deyilənlərin əksinə oldu və mənimlə yanaşı, bir çox işçi işdən kənarlaşdırıldı.
Biz bu məsələ ilə bağlı həmkarlar ittifaqına müraciət edib suallarımızı verdik. Lakin suallarımıza aydın və əsaslandırılmış cavab ala bilmədik. İş yerində gördüyümüz haqsızlıqlar, mənə qarşı olan münasibət, sex rəhbərliyi ilə bağlı məsələlər və haqqımda deyilən sözlər barədə də məlumat verdim. Təəssüf ki, bu müraciətlərimin nəticəsində də məsələ obyektiv şəkildə araşdırılmadı.
Hətta mənə verilən cavablardan biri belə oldu: “Sex rəhbərliyi pul böləndə siyahıda sənin adın var idi, ya yox?” Mənim üçün bu, əsas məsələyə cavab deyildi. Mənim sualım iş yerində baş verən münasibətin və ədalətsizliyin araşdırılması ilə bağlı idi.
Bütün bunlar məndə belə bir sual yaradır: işçilərin hüquqlarını qorumaq üçün yaradılmış həmkarlar ittifaqı işçilərin problemlərini görürsə, niyə onların qarşısında dayanmır və niyə verilən suallara aydın cavab verilmir?
Cənab Asif Zeynalovdan da xahişim budur ki, bu məsələlərə obyektiv yanaşılsın. İşçilərin hansı səbəbdən işdə saxlanıldığı, hansı səbəbdən digər işçilərin işdən kənarlaşdırıldığı araşdırılsın. Mən heç kimi ittiham etmirəm, sadəcə baş verənlərin şəffaf şəkildə araşdırılmasını və bizə cavab verilməsini istəyirəm.
Bu gün mən və mənim kimi ailə başçıları işsiz qalmışıq. Hansı qapını döysək, iş tapmaq çox çətindir. Vaxtilə “işləyənlərə ehtiyac var, işçilər lazımdır” deyilirdi. Bəs indi nə oldu? Niyə illərlə işləyən, öz işinə məsuliyyətlə yanaşan insanlar işsiz vəziyyətə düşdü?
Bizim istəyimiz çox sadədir: haqqımızın, əməyimizin və illərlə gördüyümüz işin obyektiv qiymətləndirilməsi, baş verənlərin araşdırılması və bizə işlə təmin olunmaq üçün real dəstək göstərilməsidir..."
"DİA-AZ" xatırladır kİ, "GL Group" hazırda Azərbaycanda Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı" və Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" olmaqla beş neft yatağında əməliyyatlar aparır.
Quruma isə Asif Zeynalov rəhbərlik edir.
























