
İran tərəfinin bu dəfə də Naxçıvana yanacaq gətirmək üçün Bakıya qayıdan boş yük avtomobillərinin qarşısını kəsdiyi bildirilir. Sürücülərin sözlərinə görə, avtomobillər İranın Biləsuvar gömrüyündə səbəbi izah olunmadan günlərlə saxlanılır.
Əvvəllər yanacaq daşıyan maşınlar bu cür növbədə gözləmirdi. Sürücülər gecikmələrin Naxçıvana yanacaq daşınmasını azaltdığını deyirlər.
Sürücülərdən biri boş avtomobillərin niyə tez Bakıya qayıtmalı olduğunu izah edir:
“Bu maşınlar Bakıdan Naxçıvana yanacaq və başqa yüklər gətirirlər. Yükü boşaltdıqdan sonra yenidən yanacaq götürmək üçün boş halda Bakıya qayıdırlar. Əvvəllər İran tərəfi onları nə Naxçıvana gələndə, nə də boş qayıdanda növbədə saxlayırdı. İndi isə boş maşınlar Biləsuvar gömrüyündə günlərlə gözləyir. Bakıya vaxtında çata bilmirlər ki, yeni yük götürüb Naxçıvana qayıtsınlar. Ona görə də yanacaq gətirən maşınların sayı azalır. Artıq Naxçıvanda yanacaq qıtlığı hiss olunmağa başlayıb”.
Daha əvvəl İranın Naxçıvandakı Baş Konsulluğu Poldəşt–Şahtaxtı keçidində TIR-ların gözləmə müddətinin təxminən 24 günə çatdığını açıqlamışdı. Konsulluq sərhəddən keçidi asanlaşdırmaq üçün məntəqənin iş rejiminin 24 saata çatdırılması da daxil olmaqla bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirmişdi.
Sürücülər bu açıqlamadan sonra vəziyyətin düzələcəyinə ümid etdiklərini, lakin indi Bakıya boş qayıdan maşınların saxlanıldığını deyirlər. Onlardan biri İran tərəfinin addımlarına etibar etmədiyini bildirir:
“Bir tərəfdən Naxçıvana keçən maşınlar üçün işi asanlaşdıracaqlarını deyirlər, biz də sevindik. O biri tərəfdən boş maşınların Bakıya qayıtmasını ləngidirlər. İran tərəfə inanmaq olmur, hər gün bir problem çıxarırlar. Bilirlər ki, Naxçıvana yanacaq və başqa vacib məhsullar lazımdır. Bizcə, belə etməklə Azərbaycana təzyiq göstərmək istəyirlər”.
"Gündəlik Naxçıvan"
























