
"Araşdırılmasına ciddi ehtiyac duyulur. Qeyd olunanlar təsdiqini taparsa bu halda Əmək Məcəlləsinin 207.1 (işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmə hüququ var), Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulmuş olur.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Günəşli yatağında neftçilərin acınacaqlı durumla üz-üzə qalması barədə həyəcan təbili çalır.
NHMT sədri Azneft İB Günəşli yatağında yerləşən dəniz platformalarında su təminatının və sosial şəraitin ağır vəziyyəti barədə gileylənən neftçilərin müraciətini təqdim edib. Müraciətdə deyilir:
"Bildiririk ki, artıq 10 gündən çoxdur Günəşli yatağında yerləşən dəniz platformalarında içməli və məişət suyu ilə bağlı ciddi problem yaranıb. Yaranmış vəziyyət barədə dəfələrlə sahə üzrə məsul şəxsə məlumat verilməsinə baxmayaraq, bu günədək problemin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülməyib. Vəziyyət artıq o həddə çatıb ki, platformalarda içməli su ehtiyatı belə tükənib. Bu isə işçilərin sağlamlığı, əmək şəraiti və normal fəaliyyətinin təmin olunması baxımından ciddi narahatlıq doğurur.
Su təminatında yaranmış problemin səbəbi kimi hava şəraitinin küləkli olması və gəmilərin fəaliyyət göstərə bilməməsi göstərilir. Lakin faktiki vəziyyət bunu tam əks etdirmir. Belə ki, gəmilər fəaliyyət göstərir, platformalara gəlir, lakin lazımi su və digər təminat vasitələrinin gətirilməsi əvəzinə yalnız ehtiyat avadanlıq və metallom daşınması həyata keçirilir. Nəticədə platformalarda antisanitar vəziyyət yaranıb.
İşçilərin uzun müddət ərzində normal içməli su ilə təmin olunmaması yolverilməz vəziyyətdir. Dənizdə, xüsusi əmək şəraitində çalışan işçilərin ən elementar sosial-məişət ehtiyaclarının vaxtında təmin edilməsi rəhbərliyin diqqətində olmalıdır.
Bundan əlavə, ümumilikdə platformalarda sosial şəraitin son dövrlərdə əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə olunur. Bu vəziyyətin struktur dəyişiklikləri ilə əlaqədar olduğu, o cümlədən Sosial şöbənin ləğv edilərək Kadrlar şöbəsinə birləşdirilməsindən sonra işçilərin sosial-məişət məsələlərinə operativ münasibətin zəiflədiyi qənaəti yaranır.
Biz dənizdə ağır və məsuliyyətli şəraitdə çalışan işçilər olaraq rəhbərlikdən yaranmış problemin təxirə salınmadan həll edilməsini və işçilərin normal əmək və sosial-məişət şəraiti ilə təmin olunmasını xahiş edirik..."
























