Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən iki tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hər iki tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Qaze Həsən qızı (VÖEN – 1600110362) olub.
DSMF Həsənova Qaze Həsən qızından DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı və Müdafiə Məsələləri üzrə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahələri icarəyə götürəcək.
DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofisin ümumi sahəsi 11 300 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 24 aylıq icarə haqqı olaraq 2 milyon 690 min 304 manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 112 min 96 manat ödəyəcək.
DSMF-nin Müdafiə Məsələləri üzrə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofisin ümumi sahəsi 3 500 kv. metr olacaq və bunun üçün Qaze Həsənovaya 36 aylıq icarə haqqı olaraq 1 milyon 946 min 700 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 54 min 75 manat ödəyəcək.
Qeyd edək ki, DSMF daha əvvəl də Qaze Həsənova ilə çoxsaylı icarə müqavilələri bağlayıb.
























