
“Efirləri nadir hallarda izləyirəm. Teatr, kino haqqında olan verilişlərə böyük həvəslə baxıram. Başqa nəyə baxım ki?! Bir çox efirlərdə mövsüm hələ də başlamayıb. Bəzi dəyişiklər var. Ümid edirəm ki, dəyişiklər davamlı olacaq. Mən də istərdim ki, televiziyalarda yaxşı işlər ortaya qoysunlar, məni də bir aktyor kimi kinoya, seriala dəvət etsinlər”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
O daha sonra əlavə edib:
“Aktyoram da. Həmişə teatr səhnəsində olmaq istəyirəm. Sumqayıt Dövlət Dram Teatrına dəvət etdilər, bir tamaşa hazırladım, baş rolu da özüm oynadım. Bu bizim sonuncu işimiz oldu. Sabir Rüstəmxanlının bir pyesi də hazırlanır. Orada da mənim kiçik bir rolum var. Dəvət edəndən-edənə gedirəm. Mənim üçün böyük və yaxud kiçik rolun önəmi yoxdur. Kaş elə o epizod uğurlu olsun, hamı da desin ki, “bu rol bir az böyük olardı da”. Əksinə deməsinlər ki, “bunu niyə çağırıblar, ağzının danışığını bilmir, yeriyə bilmir”. Teatrda tamaşanın məşqlərində yıxılmışdım, özü də çiynim əzilmişdi. Çiynim indi də ağrıyır. Bununla belə yenə deyirəm ki, kaş səhnədə olardım. Səhnəyə çıxanda bütün dərdim-acım azalır. Bütün aktyorlar belədir”.
Xalq artisti bildirib ki, hazırda istedadlı gənclər az deyil:
“Heç bir dövrdə Azərbaycanda indiki qədər istedadlı gənc aktyorlar olmayıb. O gün Afaq xanımla söhbət edirik. Bir-birimizə deyirik ki, bunlar harada yetişdilər? Hardan gəldilər? O qədər istedadlıdırlar ki.. Onlar daha çox kino və seriallarda çəkilirlər. Teatrda maaş az olduğu üçün ora getmirlər”.
























