
"18 oktyabr 1991-ci il Azərbaycan dövlətçiliyi baxımından son dərəcə mühüm tarixdir. Bu tarix Azərbaycan xalqının istiqlalına, müstəqilliyinə olan sevgisinin və mübarizəsinin nəticələndiyi, eyni zamanda, bu qətiyyətin Konstitusiyafa əksini taparaq siyasi-hüquqi təsdiqini aldığı gündür".
Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Türkiyəli general qeyd edib ki, 1991-ci ildə müstəqilliyin yenidən bərpası heç də asan şəraitdə baş verməyib:
"1918-ci ildə başlayan bu müqəddəs yolçuluq 71 illik fasilədən sonra yenidən davam etdirildi. Azərbaycan xalqı genlərində daşıdığı müstəqillik, azadlıq, dövlətçilik sevgisini və varoluş mübarizəsini 1991-ci ildən bu günə qədər keçən 35 illik dövrdə də zəfərlə taclandıraraq Qafqazın regional gücünə çevrildi. Bu mərhələyə qədər keçilən yolda canı, qanı və alın təri ilə mübarizə aparan, əməyi olan hər kəsi, başda şəhidlərimiz və qazilərimiz olmaqla, bütün Azərbaycan xalqını bu müqəddəs mübarizəyə və müstəqillik sevgisinə görə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə ki, 1991-ci ildə müstəqilliyin yenidən bərpası prosesi başlanğıcda heç də asan olmadı. Milli güc elementləri baxımından xarici asılılıq vəziyyətində olan, demək olar ki, sıfırdan başlamaq məcburiyyətində qalan Azərbaycan həm daxili qarışıqlıqlarla, həm də haqsız və hüquqsuz imperiya güclərinin əlində alətə çevrilən Ermənistanın işğal siyasəti ilə üzləşdi. Azərbaycan 1918-ci ildə nümayiş etdirdiyi qətiyyəti 1991-ci ildə, eləcə də 27 sentyabr 2020-ci ildə bir daha göstərdi. Nəticədə, 44 günlük Vətən müharibəsində dünya tarixi baxımından qısa müddətdə qəti qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi. Bu proses Azərbaycan dövlətinə və xalqına qızıl məcməyidə təqdim edilməyib. Bu qələbə Azərbaycan xalqının mübarizəsi, alın təri və qətiyyəti sayəsində əldə olunub. Bu gün Qafqazın regional gücünə çevrilən Azərbaycanın zəfər qazanmış, qalib ordusu var. Bu uğur Ali Baş Komandanın, dövlətinin və ordusunun yanında dayanan aslanürəkli Azərbaycan xalqının iradəsinin nəticəsidir".
Yücel Karauz vurğulayıb ki, heç bir güc Azərbaycanın yüksəlişinin qarşısını ala bilməz:
"Artıq heç bir qüvvə Azərbaycanı əvvəlki vəziyyətinə qaytara, onu nə 1918-ci ilə, nə 1991-ci ilə, nə də faktiki və siyasi ədalətsiz işğallar dövrünə apara bilər. Heç bir güc Azərbaycanın yüksəlişinin qarşısını ala bilməz. Əlbəttə, Azərbaycanın türk dünyasının son zəfəri olan Qarabağ Zəfəri ilə əldə etdiyi uğur bütün Türk dünyasını da ucaldıb və gücləndirib. İstanbul Zirvəsi ilə Türk Dövlətləri Təşkilatının fəaliyyəti də yeni mərhələyə yüksəlib. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı! Yaşasın Türk dünyası! Üçrəngli bayrağı ilə can Azərbaycan hilalın altında və kölgəsində əbədi olaraq azad və müstəqil yaşasın!"
























