
Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 35-ci ildönümüdür. Otuz beş ilin içərisində xalqımız bir çox əziyyətlərə düçar oldu. Birinci Qarabağ müharibəsində torpaqlarımız itirildi, Xocalı soyqırımı baş verdi, alçaldıcı sülhə imza atmağa “dəvət edildik”. Geriyə boylanarkən qanlı sənələrin izlərini, yaddaşımızdakı yaratdığı təsiri unutmazkən irəli baxmağı da öyrəndik.
Gördük ki, müharibədə məğlub olsaq da, xalqımız, dövlətimiz Qarabağ məsələsində zərrə qədər də geri çəkilmədi, müxtəlif dairələrin arzusunda olduqları təslimçi sülh reallaşmadı. Azərbaycan başa düşdü ki, Qarabağ problemi sadəcə bir torpaq itkisi deyil, böyük geopolitik hadisələr zəncirinin bir halqasıdır və bu prosesi qırmaq üçün gərəkli addımlar atılmalıdır. Bu yol uzun olacaqdı, amma real həllə doğru aparacaqdı.
Birinci yol diplomatik masalarda Azərbaycanın haqlılığını isbat etmək və o an gəldiyində sağlam tərəfdaşlar qazanmaqdı. Dövlət başçısının rəhbərliyi ilə bu proses uğurla həyata keçirildi.
İkinci yol gözlənilən hərbdə ən müasir və kəskin silahlara sahib olmaqdı. Bu da İsrail və Türkiyə vasitəsilə təmin edildi, Azərbaycan hərbi arsenalını genişləndirdi və modernləşdirdi.
Nəticədə 2020-2023-cü illərdə yenə də həm hərbi, həm də diplomatik gedişlər vasitəsilə ölkəmiz suverenliyinə qovuşdu. Bir kərə yüksələn bayrağın bir daha enmədiyini gördük.
Xoşbəxtik ki, 1920-ci ildə itirilən müstəqilliyimizin bərpasının 35-ci ildönümündə suveren bir məmləkətdə yaşamaqdayıq.
Amma qara buludlar tamam dəf edildimi?
İlk respublikamızın Baş naziri olmuş Nəsib bəy Yusifbəyli Cümhuriyyətin bir yaşı münasibətilə ulusa səslənişində deyirdi: “Azərbaycan vətəndaşları! Təhlükə və təhdid hələ rəf olmamışdır. Bizim üzərimizə qara buludlar gəlməkdədir. Bizim daxildəki hərəkətimiz və nizam-intizamımız, asayişimiz təmin edilərsə, istiqlaliyyətimizi təhdid edən qüvvələrə yol verməz və rahat və azadə yaşamağa malik olarıq”.
Nəsib bəy qorxularında haqlı idi. Azərbaycan bir tərəfdən bolşeviklərlə, bir tərəfdən torpaqlarımızda qurulan Ararat Respublikası ilə, digər tərəfdən denikinçilərlə savaşırdı və Üzeyir bəyin dediyi kimi bunlar xarici düşmənlərdi. Bir tərəfdən də daxili düşmənlər vardı ki, yenə Üzeyir bəyin dediyi kimi onlar daha təhlükəli idilər, necə ki 27 aprel faciəsində o qüvvələrin böyük rolu oldu. Nəticədə qara buludlar mavi səmalı məmləkətimizin üstünə çökdü.
Yuxarıda bəhs etdik. Müstəqilliyimizi bərpa edən kimi həmin qara buludlar yenidən peyda oldu. Bu dəfə də düşmənlər eyni idi. Birləşdilər, sıxlaşdılar, vaxtilə Türkiyəyə təklif edilən Sevr kimi bir müqaviləyə imza atmağımızı istədilər. Amma bacarmadılar, 44 günə bütün bu planlar darmadağın oldu.
Amma nə qədər ki Azərbaycan var, bu qara buludlar yenə də olacaqdır. Bu qara buludun indiki adı İrandır, sabahkı adı bir başqa ola bilər. Bu gün qonşularımızdan Vətənimizə tuşlanan qapqaragüruha qarşı mücadilə aparırıqsa, demək ki, bu proses bitməyəcək və buna görə də Azərbaycanda əldə qələm və silah hər cür təhlükəyə hazır olmalıdır.
28 Mayda əsası qoyulan 18 Oktyabrda taclanan müstəqilliyimiz əbədi olsun.























