
İranda futbol meydanında baş verən hadisə ciddi qarşıdurmaya səbəb olub.
Musavat.com xəbər verir ki, Təbrizin “Traktor” klubunun sahibi Məhəmməd Rza Zunuzi Azərbaycan türklərinin etnik kimliyinə qarşı səsləndirilən təhqirlərə sərt reaksiya verərək komandanın İran çempionatından çəkilə biləcəyini açıqlayıb.
Hadisə İranın Ənzəli şəhərində yerləşən “Sirus Qayəqran” stadionunda, yerli “Malavan” komandası ilə Təbrizin “Traktor” klubu arasında keçirilməli olan qarşılaşma zamanı baş verib.
Qarşılaşma başlamazdan əvvəl “Malavan” azarkeşlərinin bir hissəsi “Traktor” futbolçularına və Azərbaycan türklərinin etnik kimliyinə qarşı irqçi və təhqiramiz şüarlar səsləndirib.
Təhqirlərin hədəfində xüsusilə “Traktor”un kapitanı Şüca Xəlilzadə və qapıçısı Əlirza Beyranvənd olub. “Malavan”ın baş məşqçisi Maziyar Zare tribunaları sakitləşdirməyə çalışsa da, gərginlik davam edib.
Baş verənlərdən sonra “Traktor”un sahibi Məhəmməd Rza Zunuzi komandanın oyuna çıxmaması barədə göstəriş verib. Futbolçular meydanı tərk ediblər. Təxminən 30–40 dəqiqə davam edən danışıqlardan sonra qarşılaşma başlamadan ləğv olunub.
Məhəmməd Rza Zunuzi hadisəyə münasibət bildirərək meydan sahibi komandanın davranışını kəskin tənqid edib.
“Bu gün tribunlarda xoşagəlməz hadisələrin baş verə biləcəyini gözlədiyimiz üçün ümid edirdik ki, meydan sahibi komanda İran futbolunun çempionunu başqa cür qarşılayacaq. Lakin təəssüf ki, futbolçulara, ‘Traktor’ komandasına və etnik türk kimliyimizə qarşı ən iyrənc şüarlar səsləndirildi.
Kütləvi şəkildə səsləndirilən bu təhqirləri inkar etmək mümkün deyil. Telefonum bizə qarşı təhqirlərin yer aldığı videolarla doludur. Axı biz nə etmişik?”
Klub sahibi İran Futbol Federasiyasını hadisəyə ədalətli münasibət göstərməyə çağırıb.
“‘Traktor’ klubunun sahibi olaraq vurğulayıram ki, Futbol Federasiyası təzyiqlərə boyun əymədən bu məsələyə ədalətli şəkildə müdaxilə etməli və belə hadisələrin təkrarlanmasının qarşısını almalıdır. Əgər bu qədər təhqirdən sonra nəticə bizim əleyhimizə elan ediləcəksə, ‘Traktor’ Pro Liqadan çəkiləcək və Futbol Federasiyasına qarşı İdman Arbitraj Məhkəməsində (CAS) və FİFA-da iddia qaldıracağıq”.
Məsələnin ən ciddi tərəflərindən biri qarşılaşmanın texniki nəticəsi ilə bağlıdır. Futbol qaydalarına əsasən, oyuna çıxmaqdan imtina edən komandaya 3:0 hesablı texniki məğlubiyyət verilə bilər. Zunuzi isə irqçi təhqirlərə məruz qalan komandanın cəzalandırılmasını qəbuledilməz hesab edir.
O, İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın əvvəllər irqçi şüarlarla bağlı səsləndirdiyi vədləri də xatırladıb.
“Cənab Tac, Futbol Federasiyasının prezidenti, əvvəllər azarkeşləri irqçi şüarlar səsləndirən komandaların oyun nəticəsinin 3:0 elan ediləcəyini bildirməmişdimi? Buyurun, meydan da, fürsət də! İndi həmin vədləri yerinə yetirməyin vaxtıdır”.
Zunuzi bildirib ki, klub üçün Azərbaycan türklərinin milli və etnik kimliyinin müdafiəsi istənilən idman nəticəsindən daha vacibdir.
“Üç xal xalqımızın və etnik kimliyimizin yanında heç nədir! Mən buna dözməyəcəyəm. Lənət olsun belə futbola!”
























