
Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədova hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, dələduzluq və rüşvət almaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Tural Məmmədov 2021–2025-ci illərdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
İttihama görə, o, şəhid ailələrinə və müharibə iştirakçılarına mənzil verilməsi, pensiyaların bərpası, veteranlıq statusunun alınması və işə düzəlmə kimi məsələlərdə kömək edəcəyini vəd edərək vətəndaşlardan pul alıb.
Məhkəmə materiallarında göstərilib ki, Tural Məmmədov bir vətəndaşdan Çeşməli kəndində tikilmiş mənzillərdən birinin verilməsinə kömək etmək adı ilə 6 min manat, avtomobil almağa yardım göstərmək vədi ilə isə əlavə 3 min manat alıb. Digər epizodlarda müharibə veteranının oğlunun pensiya və iş məsələlərinin həlli, eləcə də şəhid ailəsinin mənzillə təmin olunması ilə bağlı da müxtəlif məbləğlərdə pul aldığı qeyd olunur.
Cinayət işi üzrə ümumilikdə 95 min 700 manat maddi ziyan müəyyən edilib. Bu məbləğdən 5 min 800 manatın ödənilməsi nəzərə alınıb.
Məhkəmənin hökmü ilə Tural Məmmədov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri (dələduzluq), həmçinin 311.3.2 və 311.3.3-cü maddələri (rüşvət alma) ilə təqsirli bilinib. Ona 9 il həbs cəzası ilə yanaşı, iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası da təyin edilib.
Məhkəmə zərərçəkmişlərin mülki iddialarını qismən təmin edib.























