Bərdə rayon Mərkəzi Xəstəxanasından qulaq hər gün bir söz eşitməsə, bəlkə də kar olar. Amma kar da olsa, çətin ki, Bərdə xəstəxanasında lor tapmaq mümkün olsun. Çünki Bərdə səhiyyəsində vəziyyət nəinki acınacaqlıdır, hətta kriminaldır.
Bəli, son dövrlər baş verənlər bir daha göstərdi ki, Bərdə xəstəxanasında kriminal vəziyyət hökm sürür - hədə-qorxu, təhdid, adam döymə...
Anaxeber öncə bu faktdan başlayır ki, Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı xəstəxananın həkimi işləyən Elnurə
Əliyeva tərəfindən təhdid olunur.
Belə ki, həyat yoldaşının ölümü ilə bağlı həkim Elnurə Əliyevanı təqsirkar bilər, ondan şikayət etmiş Bərdə sakini Kəmalə Qarayeva indi hədələrlə üz-üzə qalıb.
Onun saytımıza bildirdiyinə görə, xəstəxananın işçisi Elnurə Əliyeva indi də təhdid edir ki, şikayətləri davam etdirərsə, mərhum həyat yoldaşının qəbrini açdıracaq, polis çağıracaq və s. Bununla həkim ekshumasiyaya işarə vurur, yoxsa quru təhdiddir - demək çətindir, amma vətəndaş Kəmalə Qarayeva Bərdə RMX-nın həkimi tərəfindən bu hədə ilə üzləşdiyini açıqlayıb.
Onun sözlərinə görə, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədova və aidiyyatı qurumlara müraciət edib. Müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən Elnurə Əliyevadan şikayətlənib.
Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.
K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib.
Elnurə Əliyeva isə onkoloq olmadığı halda, yoldaşının analiz kağızlarına baxaraq sağaldacağına söz verib. Sonda məlum olub ki, Elnurə Əliyeva ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxarıb, sağaldacağına əmin edib. Nəticədə firma dərmanlarını satdırıb. Ən biabırçı məqam odur ki, xəstənin yaxınlarına aptekdən dərmanları aldırandan sonra həkim onların qəbzini istəyirmiş. Yəni dərman firmalarına xeyir verdiyini sübut etmək üçün həmin qəbzləri əlində saxlayırmış.
Şikayətçi ərinin ölümündən sonra müraciətlər ünvanlayıb. İndi isə Elnurə Əliyeva onu təhdid edir ki, susmasa, ərinin məzarını açdırar.
Lakin Bərdə səhiyyəsində kriminal vəziyyət bununla bitmir.
Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir.
Hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir.
Gülnar Fərzəliyeva iddia edir ki, ona qarşı xəstəxanada qərəzli mövqe olub. Bu işin başında isə xəstəxananın təsərrüfat müdiri dayanıb.
Göründüyü kimi, təsərrüfat müdiri özünü qoçu kimi aparır. Hadisə artıq araşdırılır. Sadəcə, mənzərə aydındır - Bərdə xəstəxanası sanki həbsxanaya, kriminal mühitə çevrilib...
























