
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məhkəmədə ziyanın dəqiq hesablanması üçün ekpertiza keçirilməsi təklif edilib.
Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını, dövlət ittihamçısı isə ekspertizaya ehtiyac olmadığı bildirib.
Təqsirləndirilən şəxsin vəkili isə ekspertizanın keçirilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra ziyanın dəqiq hesablanması üçün mühasibatlıq elspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin növbəti prosesi 2 noyabra təyin edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zərəçəkən qismində Səhiyyə Nazirliyi tanınıb.
Mehdi Əmrahov məhkəmənin ilk prosesində məhkəmə zalında həbs edilib.
























