2020-ci ilin avqust ayının sonlarıdır. Türkiyədəyəm. Nəfsimə hakim ola bilməmiş, qışda aldığım turpaketlər batmasın deyə pandemiyanın kəsəkəs vaxtında Antalyadakı otellərdən birinə getmişəm. Qayıdacağımız günün axşamı cüzdanımda qalan bir az türk lirəsini “əritmək” üçün otel daxilindəki suvenir dükanlarından birinə girirəm. Müxtəlif millətlərdən olan çoxlu adamlar var burada. Dost-tanışa bəzi xırda-para hədiyyəlik şeyləri toplayıb kassaya yaxınlaşıram. Türk filmlərindən hamıya tanış olan mənfi personajlara xas qarınlı, siqaretdən saralmış sivri bığlı, üzündən zəhrimar tökülən bir “amca” malları kassaya çəkdikdən sonra xırıltılı səslə məbləği səsləndirir. Cibimdəki lirəni çıxarıb masanın üzərinə qoyuram. Amca tərs baxışla məni süzüb yenə sakit və xırıltılı səslə “bu ne” deyə sual verir. Mən də eyni sakit tonda “alacağım malların parası” deyə cavab verirəm. Aramızda səs tonunun tədricən yüksəldiyi bir dialoq başlayır.
- Burada ödeme dolar ve ya “oyro” (Antalyanın Lara və Kundu bölgəsindəki etniklərin “evro” pul vahidinə verdikləri ad belədir) iledir.
- Burası Türkiye deyilmi?
- …
- Bizdə, Azərbaycanda kendi paramız bütün yabançı paralardan üstündür…
Dialoq uzanır, səs tonu artır, amca da mən də aqressivləşmişik, dükanın bütün personalı bizim yanımızdadır. Yoldaşım sakitcə “Alma. Malları qoy gedək” deyir. Mən son uzaqmənzilli “atəşimi” açıram.
- Hani, cumhur başkanınız ABD-ye Heeeeeeyyyy ABD, sizin dolarınız varsa, bizim də Allahımız var derdi ya? Sizin heç Allahınız da yokmuş. (Bu Ərdoğanın lirənin sürətlə dəyər itirməsinə münasibəti ilə bağlı məlum çıxışından sitat idi)…
Araya 15-20 saniyəlik bir sükut çökür. “Amca”mız yəqin ki, Ərdoğanın adının hallanmasından ehtiyat edib, sakitcə pulu götürüb paraüstünü (5-10 lire) geri qaytarır. Yenə əvvəlki sakit tərzlə mızıldayaraq “Siz azerileri buramıza (şəhadət barmağıyla xirtdəyinə işarə edir) kadar çıkarıblar” deyir. Mən də eyni sakit tərzlə “Amca çalışın boğulmayasız” deyib, malları götürüb qalib ədasıyla dükandan çıxıram. “3 gün əvvəl uşağın su yastığını hava ilə doldurmağa görə həmən dükanın qarşısında məndən aldıqları 5 dolların da əvəzini çıxdım” deyib, uzaqlaşıram.
Səhəri günü (Sentyabrın 1-i) arxamızca bizi aeroporta aparmaq üçün gələn transfer maşının sürücüsü maşına minərkən xüsusi bir nəzakətlə “Abi, qoy yengəm çocuklarla arxada otursunlar, sən öndə otur da, hava alanına kadar bir az konuşalım” deyir. Mən də onu qırmıram və qarşı oturacaqda sürücünün yanında otururam. Baktinin (Bəxtiyar) məndən 4 yaş kiçik olduğunu və əslan Ahıska türkü olduğunu öyrənirəm. 1989-cu ildə Fərqanədən Türkiyəyə köçəndə onun cəmi 8 yaşı olub. 1944-cü il və 1989 hadisələrində ailə böyük itki və zülmlərə rəğmən toparlanıb. Qısa tanışlıq söhbətimiz Türklük, Qarabağ, qardaşlıq söhbətinə çevrilir. Söhbət zamanı Bəxtiyar Qarabağda nədən savaşa başlamadığımızı soruşur. Cəmi 26 gündən sonra müharibənin başlayacağından xəbərsizəm. Dövlət Başçımız İlham Əliyevin bu məsələ barəsində lazımi işlər gördüyünü və zamanı gəlincə müharibə başlayacağını deyirəm. Bakti əksər türklər kimi Qarabağda savaşmağa hazır olduğunu, rəisin (Ərdoğanı nəzərdə tutur) də dəstək verəcəyini söyləyir. Mən ona “Türk analar övladlarının Qarabğada şəhid olmasına qızmazmı” deyə sual verirəm. Bəxtiyar qardaşımızın cavabı məni dəhşətə gətirir: “Abi, şehitdən öte zirvemi var? Karabağ türk toprağı deyilmi? Yarın Türkiye için savaşmak gerekse siz savaşmazmısınız? Azərbaycana da, azərbaycanlılara da canımız fədadır”…
Dostlar, mən sizə çox da uzaq olmayan keçmişdə 24 saat içərisində 2 türkün bizə olan fərqli münasibəti barədə başıma gələn hadisəni danışdım. Son günlər baş verənlər hamı kimi məndə də böyük təəssüf doğurur. Türkiyə sosial mediası indi “amca”lar və “Bakti”lere bölünüb. Təəssüf ki, bu həssas məqamda bizim içimizdə “amca”ların dəyirmanına su tökən, bu iki qardaş xalqı qarşı-qarşıya qoymaq niyyətində olanlar da az deyil. Azərbaycanın maraqlarını hər hansı bir ölkəyə qurban vermək olmaz, təbii ki. Qardaş arasında söz-söhbət narazıçılıq olar, amma bunu düşmənçiliyə çevirmək cəhdlərinin qarşısını mütləq almalıyıq. Ruslar və ukraynaləlar da qardaş, eyni kökdən olan xalqlardır. Onların üzləşdiyi taleyə baxıb nəticə çıxarmalıyıq.
Diqqətimi bir məqam da çəkir. Ruslarla, İranla müəyyən problemlərimiz yarananda filosofluq edib, xalqa dərs keçən, İranın, Rusiyanın gücünü gözümüzə soxanlar indi Türkiyə ilə aravuran həmlələrə cəhd edirlər. Bu da əslində məsələnin mahiyyətini açıq ortaya qoyur. Etməyək, qardaş ölkənin, böyük qardaş dediyimiz xalqın bayrağına, liderlərinə yönəlik hörmətsizlik eləməyək. İmkan verək hər iki ölkə rəhbərləri yaranmış soyuqluğu, sorunları sakitcə həll edib aradan qaldırsınlar.
.
Ramil Osmanlı - "DİA-AZ"























