
Bölgələrdə səhiyyə sistemi ilə bağlı problemlərdən biri də həkim çatışmazlığı, ucqar kəndlərdə tibb məntəqələrinin olmamasıdır.
Son vaxtlar isə yerlərdə, o cümlədən kəndlərdə fəaliyyət göstərən tibb məntəqələrində çalışan tibb bacılarının iş prinsipi əsas müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, sosial şəbəkələrdə də vətəndaşlara həmin məntəqələrdə heç bir xidmət göstərilmədiyi, tibb bacılarının heç bir işlə məşğul olmadığını bildirirlər.
Tibb bacıları isə onların vətəndaşın səhhəti ilə bağlı hər hansı dəstək, o cümlədən, inyeksiya (iynə vurmaq), infuziya səlahiyyətinin belə, olmaması ilə əlaqələndirirlər. Göründüyü kimi, əgər bir vətəndaş 10 gün ərzində inyeksiya qəbul etməlidirsə, hər gün kənddən rayona getməlidir.
Bəs mövcud qaydalara əsasən bölgələrdə fəaliyyət göstərən tibb məntəqələrində əhaliyə hansı xidmətləri göstərməlidirlər?
Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-a bildirilib ki, inyeksiya (iynə vurulması) və venadaxili infuziya (“sistem köçürülməsi”) görünüşcə sadə tibbi prosedurlar olsa da, bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur:
“Bu prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və ya digər ağırlaşmalar baş verə bilər. Belə hallarda operativ şəkildə müdaxilə etmək üçün həkim nəzarəti, reanimasion tədbirlər üçün şərait və təcili tibbi avadanlıq tələb olunur. Tibb məntəqələri və poliklinikalar fəaliyyət istiqamətinə uyğun olaraq profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyalarını əhatə edir. İnvaziv prosedurlar – inyeksiya və infuziya daxil olmaqla – ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə və tibb müəssisələrinin fəaliyyət istiqamətinə aid edilir”.
























