
İranda Türk dilinə və milli kimliyinə qarşı radikal fars-şovinist dairələrin apardığı qarayaxma kampaniyası yeni müstəviyə qədəm qoyub. İran Prezidenti Məsud Pezeşkianın və xüsusilə onun oğlu Yusif Pezeşkianın rəsmi mühitlərdə Azərbaycan türkcəsində danışması Tehrandakı radikal millətçi medianı və “SEPAH”-a yaxın xətt daxilindəki mühafizəkar qrupları ciddi şəkildə qəzəbləndirib. Ancaq Tehrandan gələn təzyiqlərin fonunda Güney Azərbaycanın dini və ictimai elitası bu hücumlara sərt təpki göstərməyə başlayıb.
Moderator.az bu haqda "Azad İran" telegram-kanalı və analitik platforması, həmçinin Güney Azərbaycanın yerli müstəqil media resurslarına istinadla xəbər verir.
İran daxili və xarici müstəqil media mənbələrinin məlumatına görə, hadisələrin alovlanmasına əsas səbəb Prezident aparatının media üzrə köməkçisi Yusif Pezeşkianın Təbrizə səfəri zamanı yerli rəsmi qurumlar qarşısında dövlət dili olan fars dili əvəzinə, doğma Azərbaycan türkcəsində geniş məruzə ilə çıxış etməsi olub.
Bu addım Tehran mərkəzli radikal qəzetlər, sosial şəbəkələrdəki panfarsist qruplar və bəzi millətçi millət vəkilləri tərəfindən "İranın milli bütövlüyünə və rəsmi dilinə təhdid" kimi qiymətləndirilib. Hətta bəzi şovinist dairələr Pezeşkian ailəsini İranda "pan-türkizm dalğasını qızışdırmaqda" ittiham ediblər.
Pezeşkian ailəsini müdafiəyə qalxan təbrizli şeyxin kimliyi…
Bölgədən yayılan video-faktlar və "Azad İran" daxil olmaqla regional analitik platformaların yaydığı rəsmi materiallara əsasən, Tehrandan edilən bu basqılara qarşı Təbriz dini elitası adından Hüccətül-islam vəl-müslimin Mir Əli Əkbər Əsədullahi (Təbriz və ətraf bölgələrdə tanınan nüfuzlu müctəhid və dini mühazirəçi – el arasında "Şeyx Əsədullahi") kəskin etiraz səsi ucaldıb.
Şeyx Əsədullahi Təbrizdə etdiyi xüsusi müraciətdə Tehrandakı fars millətçilərinə ünvanlanaraq bildirib:
"Bir insanın öz evində, öz elində, milyonlarla soydaşının qarşısında öz ana dilində danışması nə zamandan bəri cinayət və dövlətə xəyanət hesab olunur?! Pezeşkian ailəsinin öz dilinə sahib çıxması İslami prinsiplərə və insan haqlarına tamamilə uyğundur. İrandakı radikal qruplar xalqların dilini hədəf almaqla ölkə daxilində nifaq toxumu səpirlər."
Ekspertlərin rəyi: Pezeşkian geri çəkilmir
Xarici analitiklər qeyd edirlər ki, Məsud Pezeşkian hakimiyyətə gəldiyi gündən bəri dil bərabərliyi və etnik hüquqlar mövzusunda Tehrandakı "görünməz divarları" sındırmağa çalışır. Onun beynəlxalq görüşlərdə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri zamanı protokolu kənara qoyaraq doğma dildə danışması bunun bariz nümunəsidir.
Təbrizli ruhanilərin və Şeyx Əsədullahi kimi xalq tərəfindən qəbul edilən dini fiqurların bu prosesdə açıq şəkildə Azərbaycan dilinin tərəfini tutması, İranda uzun illərdir davam edən "Ana dili" mübarizəsində Güney Azərbaycan cəmiyyətinin artıq bütün təbəqələri ilə bərabər vahid cəbhədən çıxış etdiyini göstərir.
























