
"Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited" şirkətinin Azərbaycandakı filialının külli miqdarda dələduzluqda təqsirləndirilən direktoru Arif Mansurovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, filial rəhbəri iki nəfərə qarşı dələduzluqda təqsirləndirilir.
Belə ki, A.Mansurov Sumqayıt şəhərində yaşayış binası tikməyə icazə almaq adı ilə bir sahibkardan 400 min manat, Ali Məhkəmədə mülki məhkəmə işini onun xeyrinə həll edəcəyinə söz verərək Mehti adlı şəxsdən isə 170 min manat almaqda günahlandırılır. O, iki nəfərdən ümumilikdə 570 min manat alaraq dələduzluq edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mansurov 5 il azadlıqdan məhrum edilib.
























