
Azərbaycanda bank kreditlərinin yüksək faizlə təklif olunması vətəndaşların maliyyə yükünü artıran əsas məsələlərdən biri olaraq qalır.
Kredit götürmək istəyənlər üçün faiz dərəcələri ilə yanaşı, əlavə komissiyalar və digər xərclər də borclanmanı çətinləşdirir. Region ölkələri ilə müqayisədə Azərbaycanda kredit faizlərinin yüksək olması isə bu sahədə rəqabət, bankların kredit siyasəti və maliyyə əlçatanlığı ilə bağlı sualları yenidən gündəmə gətirir.
Bəs kredit faizlərinin aşağı salınmasına nə mane olur və bu istiqamətdə hansı dəyişikliklərə ehtiyac var?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumilikdə, faiz dərəcələrinin səviyyəsi kreditin qaytarılmaması və ya qaytarılmasında problemlərin yaranması riskindən asılıdır. Onun sözlərinə görə, bu risklər ölkədəki qanunvericilik sistemindən, hüquqi mexanizmlərdən və məhkəmə qərarlarının icra vəziyyətindən də qaynaqlanır. Məhkəmə proseslərinin uzanması isə kredit verən banklar üçün əlavə xərclər yaradır:
“Azərbaycanda kredit sahəsində problemlər çoxdur. Verilən kreditlərin qaytarılmasında problem yarandıqda, banklar əlavə xərclərlə üzləşirlər. Digər məsələ bank əmanətləri üzrə faizlərin yüksək olmasıdır. Bizdə əmanət faizləri də yüksəkdir – 10-12 faiz təşkil edir. Banklar kreditləri məhz həmin əmanətlər hesabına verirlər. Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etsəydi, vətəndaşların vəsaitlərini yerləşdirmək üçün əmanətlərdən başqa alternativləri də olardı. Lakin hazırda bu imkanlar məhduddur”.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarı inkişaf etsəydi, əmanət faizləri də bu qədər yüksək olmazdı. “Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir”, – deyə ekspert bildirib.
Əkrəm Həsənov qeyd edib ki, sadalanan problemlər həllini tapmayana qədər kredit faizlərinin aşağı düşməsi də çətin olacaq.























