
Azərbaycanda orta məktəblərdə vahid geyimlə bağlı verilən qərardan sonra bir sıra dağıdıcı qüvvələr yenidən ölkəmizdə qarışıqlıq yaratmağa, sağlam məktəb mühitinə zərbə vurmağa cəhd ediblər.
Qərara uyğun olaraq, həm şagirdlər, həm də müəllimlər üçün yeni qaydalar və tələblər müəyyən edilib. Nazirlər Kabinetinin yeni qərarına əsasən, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir.
Bu əsasda şagirdlərin məktəbə kənar geyim elementləri gətirməsi qadağandır.
Rəsmi qurumlar və ekspertlər qeyd edirlər ki, vahid geyim formasının tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamı, səliqəliliyi və sosial bərabərliyi qorumaq, şagirdlər arasında maddi statusa görə fərqliliklərin zahirən ön plana çıxmasının qarşısını almaqdır.
Lakin buna baxmayaraq, bir sıra qüvvələr verilən qərara riayət etmək əvəzinə, qarışıqlıq, hərc-mərclik yaratmaq yolunu tutublar. Bu gün Bakı və ətraf rayonlardakı bir sıra orta məktəblərdə baş verən neqativ hadisələr onu göstərir ki, kimlərsə ölkəmizi xaosa sürükləmək istəyir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli “Bakupost”a bildirib ki, bu gün bir sıra Bakı məktəblərində yaradılan ajiotaj və qanun pozuntuları göstərir ki, burada hədəf Azərbaycanın dünyəvi modelidir:
“Azərbaycan Konstitusiyasında da öz əksini tapan dünyəvi model eyni zamanda, təhsildə də öz ifadəsini tapır. Ona uyğun olaraq da dövlət məktəblərdə vahid geyim sistemini qəbul edib. Bu kimi qanunlar təkcə Azərbaycanda qəbul olunmayıb. Bir çox digər ölkələrdə də orta məktəblərdə vahid geyim tətbiq edilir. Məsələn, Mərkəzi Asiyanın türkdilli dövlətlərində də sözügedən prinsiplər tətbiq olunmaqdadır”.
Müsahibimizin sözlərinə görə, məktəblərdə vahid geyimin tətbiqi fonunda bu gün təhsil ocaqlarında baş verən və gərginliyə hesablanmış olaylar onu göstərir ki, buna yol verən müəyyən yad ideoloji ünsürlər kənarda fomalaşıblar:
“Hansı ki, bu qüvvələr hərəkətlərini din adı altında ixrac etməyə çalışırlar. Yəni onların mübarizəsi heç də din və dini dəyərlər deyil, onlar Azərbaycan dövləti və xalqına qarşıdırlar. Ona görə də belə halların qarşısı yerindəcə alınmalıdır, necə ki, alınır”.























