
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə təqsirləndirilən Ülvi Rzayev və Rza Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilənlərdən Ülvi Rzayevin ifadəsi ilə davam edib:
"Mən qumar oynayan olmuşam. Buna görə kassa alıb qeydiyyatdan keçmişdim. Tanışlara, ətrafıma da kodlar verirdim. Bizi bir yerdə tutdular. İttiham aktını məhkəməyə kimi heç birimiz görmədik. "Günəşli"də obyektim vardı. Oradan gələn və kazino işinə aid olmayan gəlirlərimi də ittiham aktına qatıblar. 20 kartım vardı. Öz şəxsi kartım "Bank Respublika"dan idi, ondan qumar oyunlarında istifadə edirdim".
Növbəti proses noyabrın 2-si saat 16:45-ə təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin yanvar ayında kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən daha iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə “Tokio”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.
Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 170.3 (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) 244-1.2.2 (Qumar oyunlarının təşkili və ya keçirilməsi) 244-1.2.4 (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb.























