
Azərbaycanda LGBT təbliğatının qadağan ediləcəyi, LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliğinə görə məhdudiyyətlərin tətbiqi ediləcəyi barədə qanun qəbul olunacağı bildirilir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirib ki, belə qanun layihəsi haqqında məlumatı yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın müəyyən dəyərləri var, onun üzərindən hər hansısa şəkildə Qərbdə anormal bir sistemin bura köçürülməsinə müəyyən müsbət münasibət ola bilməz: “Çünki biz təbii ki, Avropa dəyərlərinə önəm veririk, amma artıq insanın bioloji varlığına, təbii mahiyyətinə müəyyən dərəcədə zidd ola biləcək hansısa bir prosesi də ölkəmizə başlı-başına köçürəcək niyyətdə ola bilmərik. Ona görə bu məsələ, yəqin, qanun müzakirə olunanda xüsusi diqqətə alınacaq və mental xüsusiyyətlər, ümumiyyətlə ölkənin, millətin dəyərləri də burada önə çəkilə bilər”.
























