
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən ümumilikdə 79 min 89 manat tələb edir.
“Bakupost” xəbər verir ki, qurumun nümayəndəsi oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bununla bağlı mülki iddia qaldırıb.
İş üzrə həbsdə olan 12 nəfərin məhkəməsinə hakim Zaur Hacıyevin sədrlik etdiyi kollegiya baxır. Təqsirləndirilən şəxslərin ifadələri başa çatdıqdan sonra şahidlərin dindirilməsinə başlanıb.
Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova bildirib ki, tələb olunan 79 min 89 manatın 12 nəfər arasında necə bölünməsinin əhəmiyyəti yoxdur və əsas məsələ ümumi məbləğin ödənilməsidir.
Onun sözlərinə görə, məbləğ Bakı Şəhər Baş Polis İdarəsinin göndərdiyi materiallar əsasında audit şöbəsi tərəfindən hesablanıb və tələb qrant müqavilələri ilə əlaqələndirilib.
Vəkillər isə qrantların ianə olduğunu və qanunvericiliyə əsasən ianələrin mənfəət vergisindən azad edildiyini bildiriblər.
Məhkəmədə jurnalist Ramin Cəbrayılzadənin (Deko) saxlanıldığı gün onu hava limanından aparan taksi sürücüsü də şahid kimi dindirilib.
Cinayət işində iddia olunur ki, jurnalist saxlanılarkən ondan 38 min avro aşkarlanıb. Sürücü bildirib ki, avtomobil saxlanıldıqdan sonra axtarış aparılıb və 30 min avro çamadandan, 8 min avro isə jurnalistin əl çantasından çıxarılıb.
Ramin Deko isə yalnız 8 min avronun ona məxsus olduğunu bildirib. Jurnalist çəkiliş zamanı həmin pulu özününkü kimi təqdim etməsini təzyiqlə izah edib.
“Meydan TV işi” üzrə ilk həbslər 2024-cü ilin dekabrında başlayıb. Sonradan iş üzrə həbs olunanların sayı 12-yə çatıb.























