
ABŞ Silahlı Qüvvələrinin narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə endirdiyi hava zərbələri dünyada kokain istehsalının rekord həddə çatmasının qarşısını ala bilmir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, ABŞ administrasiyasının 2025-ci ilin payızında başlatdığı hərbi əməliyyatlar beynəlxalq narkotik ticarətinə təsir göstərsə də, bu təsirin müsbət nəticələr verdiyi şübhə doğurur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzetə bildiriblər ki, rekord həcmdə kokain ABŞ, Avropa və Avstraliya bazarlarına gündəlik olaraq daxil olmaqda davam edir.
Amerikalı rəsmilərin sözlərinə görə, narkotik daşıyan gəmilərə hava zərbələri cinayətkar qruplaşmalara ciddi maliyyə ziyanı vurur və bəzi tədarük marşrutlarını sıradan çıxarır. Bununla belə, ABŞ-yə böyük həcmdə narkotik vasitələrin gətirilməsinin qarşısını almaq mümkün olmayıb.
WSJ yazır ki, dünya üzrə kokain istehsalının təxminən 70 faizinin payına düşdüyü Kolumbiyadan narkotik yüklü çoxsaylı katerlər hələ də yola salınır.
Qəzetin mənbələrinə əsasən, son 13 ay ərzində ABŞ hərbçiləri 70-dən çox gəmini məhv ediblər. Əməliyyatlar nəticəsində təxminən 240 nəfər həyatını itirib, cinayətkar qruplaşmalar isə ümumi dəyəri 1,5 milyard dollar olan kokain yükünü itiriblər.
Bununla belə, narkokartellər ABŞ-nin hərbi əməliyyatlarına uyğunlaşaraq daşınma üsullarını dəyişiblər. Hazırda narkotik vasitələrin daşınmasında konteyner, yük və balıqçı gəmilərindən daha geniş istifadə olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl dəfələrlə dəniz yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin həcminin 97 faiz azaldığını iddia edib.
























