
Almaniyada din dərsliyə salınıb. Sadəcə yeni şəraitə uyğunlaşdırılıb. Şagirdlərə, kilsəyə gələnlərə “xaç vurun, baş bağlayın, kafirlə vuruşun” demək əvəzinə, “İsanı sevirsinizsə, təbiəti qoruyun, dilsiz heyvanları incitməyin, oğurluq etməyin, yerlipərəst və nasist fikirlərdən uzaq durun” kimi fikirlər önə çəkilib. Keçən il dini bayramda idim, keşiş vergidən danışırdı ki, inanclı insan vergidən qaçmamalıdır, çünki bu da haqq yeməkdir.
Bizdə də belə olsa, yaxşı olmazmı?
Hüseyni sevirsənsə, növbəni pozma. Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma. Əlini sevirsənsə, yerə zibil atma. Əsl müsəlman səs salıb qonşusunu narahat etməz, yolda səbəbsiz siqnal verməz.
Allah hansını daha çox sevər? Saçını gizlədib namaz qılanı, yoxsa düzgün yaşayan, başqasının haqqını yeməyən insanı?
Məzhəblər, hədislər haqqında tez-tez ona görə yazıram. Dini bir növ “şirkətə” çevirənlər ilk növbədə söhbəti geyim, seks, içki, qadın, namaz, nəzir və kafir məsələlərinə gətirirlər. Beləliklə çox saylı qadağalar hesabına əxlaq, dürüstlük, mərhəmət, qonşuya hörmət, təbiəti qorumaq və cəmiyyətə faydalı olmaq keçir ən arxa plana.
Bəlkə də dinin cəmiyyət üçün əsas missiyası insanı yaxşı insan olmaqla yanaşı, nümunəvi vətəndaşa çevirmək olmalıdır.
.
Orxan Atabəy - "DİA-AZ"























