
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Xocavənd rayonu ərazisində öldürülən erməni silahlı birləşmələrinin “komandiri” Armen Melkumyanın keçmişi və cinayətkar hərbi fəaliyyəti diqqət çəkir.
Musavat.com xəbər verir ki, o, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən cinayətkar erməni silahlı birləşmələrinin təşkilatçılarından biri olub.
1992-ci il oktyabrın 7-8-də Xocavənd rayonunun Cütcü kəndi və Amaras monastırı istiqamətində, Xazaz yüksəkliyi uğrunda ağır döyüşlər gedib.
Oktyabrın 8-də döyüşlər zamanı cinayətkar erməni silahlı birləşmələrinin Cütcü (qondarma adı Maçqalaşen) motoatıcı batalyonunun “komandiri”, 25 yaşlı Armen Suren oğlu Melkumyan “Qrad” reaktiv yaylım atəş sistemindən atılan raketin qəlpəsinə tuş gələrək öldürülüb.
Melkumyan 1967-ci il avqustun 13-də Xocavənd rayonunun Cütcü kəndində anadan olub. 1985-ci ildə Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul edilib.
Sovet ordusunda xidmət etdiyi dövrdə BMP-1 və BMP-2 piyadaların döyüş maşınlarının idarə olunması və istismarı üzrə hərbi hazırlıq keçib.
Ordudan qayıtdıqdan sonra erməni millətçi hərəkatına qoşulub, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən cinayətkar erməni silahlı dəstələrinin yaradılmasında iştirak edib.
Melkumyan 1989-cu ildə Laçın istiqamətində cinayətkar erməni silahlı dəstələrinin tərkibində fəaliyyətə başlayıb. Sonrakı dövrdə Əsgəran, Xocavənd, Hadrut və Ağcakənd istiqamətlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı silahlı əməliyyatlarda iştirak edib.
Onun hərbi fəaliyyətinə dair erməni mənbələrində Kərkicahan, Hadrut, Ərkəc, Mənəş və Buzluq istiqamətlərində keçirilmiş silahlı əməliyyatlarda iştirak etdiyi göstərilir.
1990-cı ildə Melkumyan Xocavənd istiqamətində cinayətkar erməni silahlı dəstələrinin təşkilinə başlayıb. O, müxtəlif yaşayış məntəqələrindən erməni gəncləri toplayaraq silahlı cinayətkar birləşmə yaradıb. Sonradan həmin dəstə əsasında hərbi bölmələr formalaşdırılıb.
Melkumyanın rəhbərlik etdiyi cinayətkar silahlı birləşmənin tərkibinə Xocavənd rayonunun müxtəlif kəndlərindən toplanmış şəxslər daxil olub.
O, cinayətkar erməni silahlı birləşmələrinin “komandirlərindən” Monte Melkonyanla da hərbi əlaqələr saxlayıb. Monte Melkonyan onun komandirlik fəaliyyətini yüksək qiymətləndirib.
1992-ci ilin sentyabrında Amaras monastırı istiqamətində gedən döyüşlər Melkumyanın hərbi fəaliyyətində xüsusi yer tutub. Onun rəhbərlik etdiyi cinayətkar silahlı birləşmələr Xazaz yüksəkliyi uğrunda döyüşlərdə iştirak edib.
Oktyabrın 7-də başlayan döyüşlər növbəti gün də davam edib. Oktyabrın 8-də Melkumyan “Qrad” reaktiv yaylım atəş sistemindən atılan raketin qəlpəsindən aldığı xəsarət nəticəsində öldürülüb.
Komandirin ölümündən sonra onun rəhbərlik etdiyi batalyon döyüş əməliyyatlarını davam etdirib. Erməni mənbələrinin məlumatına görə, həmin hərbi birləşmənin 28 üzvü Birinci Qarabağ müharibəsi zamanı öldürülüb.
Melkumyan ölümündən sonra keçmiş qondarma separatçı rejimin birinci dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif edilib. Təhsil aldığı məktəbə onun adı verilib.
2015-ci ilin mayında keçirilən “anım tədbirində” keçmiş qondarma separatçı rejimin hərbi və təhlükəsizlik strukturlarının yüksəkvəzifəli nümayəndələri, o cümlədən Movses Akopyan və Arşavir Qaramyan iştirak ediblər.
Melkumyanın tələbəlik və döyüş yoldaşı Merujan Mosiyan da Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən cinayətkar erməni silahlı birləşmələrinin tərkibində olub. O, 1993-cü ilin avqustunda öldürülüb.
Erməni hərbi-bioqrafik mənbələrində Melkumyanın “Daşnaksütyun” partiyasının üzvü olduğu, bu təşkilatdan silah, döyüş sursatı və hərbi təchizat aldığı da göstərilir.
1992-ci ildə onun rəhbərliyi altında 13 kənddən toplanmış cinayətkar silahlı dəstə üzvlərindən ibarət batalyon yaradılıb. Erməni mənbələrində bu batalyonun 675 nəfərdən ibarət olduğu, sərəncamında 14 tank və digər zirehli döyüş texnikasının olduğu bildirilir.
Melkumyanın batalyonu 1992-ci ilin mayında Laçın istiqamətində Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan hərbi əməliyyatlarda da iştirak edib. Həmin dövrdə Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Bir daha xatırladırıq ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və Azərbaycan xalqına qarşı cinayətkar separatçı əməllərə qoşulanların sonu hər zaman belə olub və belə də olacaq. İnşallah!
Rüfət Hacıbəyli,
Musavat.com























