
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanacağına və ratifikasiya ediləcəyinə ümid edir.
Paşinyan bu barədə hökumətin iclasında deyib. Baş nazir Azərbaycanla sülh sazişinin imzalanmasının həm Ermənistan hökumətinin, həm də şəxsən onun qarşısında duran ən mühüm məsələlərdən biri olduğunu bildirib.
“Mən özüm üçün konkret vəzifə və qrafik müəyyənləşdirmişəm: 2031-ci ilədək bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, bütövlükdə hökumətimizin və siyasi komandamızın da vəzifəsidir. Lakin Baş nazir kimi bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm”, - deyə Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı belə bir imkanın olduğunu düşündüyünü vurğulayıb. Onun sözlərinə görə, əks halda bu məsələni gündəmə gətirməzdi.
Qeyd edək ki, bu, Paşinyanın ilk belə açıqlaması deyil. O, bu il iyunun 5-də də analoji bəyanatla çıxış edib. “Biz 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı və təsdiqləməyi qarşıya məqsəd qoymuşuq”, - deyə Ermənistanın Baş naziri deyib.
Halbuki, Nikol Paşinyan oktyabrın 13-də tamamilə fərqli açıqlama verərək tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına diqqət yönəltməyin lazım olduğunu bildirib. Onun bu sözləri qarşıdakı aylarda Ermənistanda konstitusiya referendumunun keçiriləcəyi və sülh sazişinin imzalanacağı kimi şərh olunub.
Lakin iki gün sonra Paşinyanın “2031-ci ilə qədər” ifadəsini dilə gətirməsi paradoksal məzmun yaradır və sülhün qısa müddətdə reallaşacağına ümidləri azaldır. Bu baxımdan, Paşinyanın yekun sülhə nail olunması üçün 2031-ci ili vəd etməklə nəyi nəzərdə tutduğu müxtəlif cür təhlil edilə bilər. Çünki Ermənistanın Baş naziri sülhdən imtina etmir və sənədin tezliklə imzalanaraq ratifikasiya edilməsinin vacibliyindən danışır. Əsas rəy isə bundan bundan ibarətdir ki, 2026-cı ildə Baş nazir seçilən Paşinyan 2031-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər bu vəzifədə qalacaq.
Bununla da Paşinyan sülh sazişinin onun hakimiyyəti dövründə imzalanacağına və ratifikasiya ediləcəyinə işarə edir. Yəni Paşinyan bu məsələni növbəti hakimiyyətə miras qoymayacağını bildirmək istəyir. Əks təqdirdə, post-Paşinyan dövründə revanşist müxalifət hakimiyyətə gələrsə, sülh mümkün olmayacaq. Lakin Azərbaycanla razılaşmanın növbəti 5 il ərzində ləngiməsi tərəflər arasında de-fakto mövcud olan sülhün pozulmasına və eskalasiyaya səbəb ola bilər. Ona görə də Ermənistan sülh sənədinin imzalanmasında maraqlı olmalıdır.
2027-ci ilin əvvəlinə qədər Ermənistanın yeni konstitusiyası qəbul olunarsa, sülh müqaviləsinin imzalanması üçün real zəmin yaranacaq. Azərbaycan tərəfi konstitusiyaya dəyişiklikdən dərhal sonra sülh müqaviləsi bağlamağı təklif edəcəyini bildirib. Bu halda, sülhün baş tutmaması üçün Ermənistan açıq şəkildə sazişdən imtina etməlidir. Paşinyanın isə belə bir addım atacağı inandırcı görünmür.
Digər bir ehtimal isə referendumun hələ bir neçə il təxirə salınması ilə bağlıdır. Yəni Paşinyan sülh prosesini ləngitmək məqsədilə yeni konstitusiyanın qəbulunu bir neçə il sonraya saxlaya bilər. Bu isə Azərbaycan və Türkiyə sərhədlərin 5 il də bağlı qalmasına, Paşinyanın “Real Ermənistan” konsepsiyasının konstitusiyada təsbit edilməsi planının baş tutmamasına gətirib çıxara bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”























