
Xaricə 47 min dollar göndərdi, şirkətə 9 min dollardan çox cərimə kəsildi
“Caspian Supply Company” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 47,4 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Caspian Supply Company” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində törətdiyi inzibati xətanın obyekti olmuş vəsaitin iyirmi faizi miqdarında, yəni 9,5 min dollar cərimə edilib.
Qeyd edək ki, "Caspian Supply Company" Azərbaycanda neft və qaz sənayesində beynəlxalq kəşfiyyat və hasilat şirkətlərinin təchizatçısı olub. Şirkət 2024-cü ildə fəaliyyətini dondurub.
























