
Dünya kinosunda və teatrında yaşlı sənətkarlar üçün xüsusi ssenarilər yazılır. Bizdə isə elə aktyorlar var ki, onlar üçün nəinki ssenarilər yazılır, tamaşalar hazırlanır, əksinə, lazımsız əşya kimi səhnədən və çəkiliş meydançasından uzaqlaşdırılırlar. Nəticədə rol gözləyə-gözləyə qocalır, xiffətdən xəstəliyə müptela olurlar.
“Bəli, dünya kinosunda böyük sənətkarlara filmlər həsr olunur, ssenarilər yazılır. Onlar daim diqqət mərkəzindədirlər. Bizim Azərbaycan kino sferasında isə buna əhəmiyyət verilmir. Niyə verilmir? Bunun səbəbləri çoxdur. Nə ssenarist qalıb, nə də ki rejissor. Bir azdan aktyor da qalmayacaq. Təəssüflər olsun ki, bu, zarafat deyil, acı həqiqətdir. Bu sözlərimə görə məni qınayan olacaq, ya olmayacaq – bilmirəm. Amma bilirlərsə, düzünü desinlər. Varsa, kimdir onlar? Yaşlı aktyorlar üçün nə ediblər? Onlar üçün nə çəkiblər, nə yazıblar?”
























