Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
Onun sözlərinə görə, layihə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı, emalı, eləcə də bu sahədə dövlət tənzimlənməsi və dəstək mexanizmlərinin hüquqi, sosial və iqtisadi əsaslarını müəyyən edir.
Komitə sədri bildirib ki, yeni sənəd “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində ərsəyə gəlib və layihə aqrar sahə üzrə çətir (baza) qanun rolunu oynayacaq.
T.Rzayev söyləyib ki, əvvəllər qəbul edilən qanunlar öz dövrü üçün müəyyən məsələləri tənzimləsə də, müasir dövrün tələbləri qanunvericiliyin sistemləşdirilməsini və vahid yanaşmanın tətbiqini zəruri edir: “Məhz bu səbəbdən yeni qanunun qəbulundan sonra pambıqçılıq, çayçılıq, taxılçılıq və kənd təsərrüfatı kooperasiyası haqqında ayrı-ayrı qanunlar ləğv ediləcək. Sənədin başlıca məqsədi ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə olunmasını dəstəkləmək və məhsuldarlığı artırmaqdır. Bununla yanaşı, qanun aqrar sahədə rəqabət qabiliyyətinin və investisiya cəlb ediciliyinin yüksəldilməsinə, ixrac potensialının genişləndirilməsinə, kənd yerlərində məşğulluğun artırılmasına və kənddən şəhərə axının qarşısının alınmasına xidmət edəcək”.
Komitə sədri həmçinin vurğulanıb ki, yeni tənzimləmə çərçivəsində torpaqların əsassız xırdalanmasının qarşısı alınacaq, su itkilərinin azalması üçün müasir suvarma sistemlərinə üstünlük veriləcək, toxumçuluq inkişaf etdiriləcək, habelə bitki növləri və heyvan cinslərinin regional xüsusiyyətlərə uyğun rayonlaşdırılması həyata keçiriləcək və digər bir çox məsələlər öz həllini tapacaq.
Onun sözlərinə görə, bu qanun eyni zamanda sahibkarlığın inkişafı və fermerlərin yüksək gəlir əldə etməsi üçün bir zəmanətdir: “Hər kəs qanuna əməl edərsə, qarşıya qoyulmuş vəzifələr vaxtıda yerinə yetirilmiş olar. Bu, insanların münasibətindən, fermerlərin təşəbbüskarlığından da çox asılıdır”.

























