
Ermənistan və Rusiya dəmir yolunun fəaliyyəti məsələlərinin həlli üçün işçi qrup yaradacaq.
"Report" erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozorovla görüşünün yekunlarına dair hökumətin məlumatında deyilir.
"Müəyyən edilmiş qısa müddətlərdə formalaşdırılmış problemlərin müzakirəsi, mümkün həll yollarının axtarışı və sonrakı addımların dəqiqləşdirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib", - məlumatda deyilir.
İrəvanda keçirilən görüş zamanı Paşinyan qeyd edib ki, regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması imkanlarını nəzərə alaraq, Ermənistan hökumətinin məqsədi dəmir yollarını rəqabətqabiliyyətli etmək, onları qonşu dövlətlərin dəmir yolu şəbəkəsinə və beynəlxalq şəbəkəyə inteqrasiya etməkdir. Bu kontekstdə həmsöhbətlər regional proseslər çərçivəsində yaranan imkanları və Ermənistan dəmir yollarının rəqabətqabiliyyətliliyinin artırılmasına və onların beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyasına yönəlmiş addımları müzakirə ediblər.
"Gümrü-Axurık-Türkiyə sərhədi və Yeraskh-Naxçıvan (Azərbaycan) hissələrində dəmir yollarının yenidən qurulması layihələri barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər "Cənubi Qafqaz dəmir yolları" şirkətinin konsessiya idarəçiliyi dövründə infrastrukturun inkişafı üzrə işləri, idarəetmənin səmərəliliyini, mövcud problemləri və onların həlli imkanlarını müzakirə ediblər.
























