
“Dərhal diqqət Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə yönəldilməlidir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada yayılmış videomüraciətində belə deyib. “Bu, baş verən kimi, yəni müqavilənin imzalananda deyə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”,- deyə Baş nazir əlavə edib.
Paşinyan müqavilənin imzalanmasına “Tarixi ilk dəfə təkrarlamır, yaradırıq” açıqlaması kontekstində baxdığını vurğulayıb.
Nikol Paşinyanın oktyabrın 8-də Türkmənbaşıda Azərbaycan Prezidenti ilə qeyri-rəsmi görüşündən sonra belə bir açıqlama ilə çıxış etməsi hər iki liderin sülh müqaviləsinin imzalanmasının vacibliyi barədə söhbət etdiyini deməyə əsas verir. Yəni Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bu istiqamətdə real addımlar atmaqla sübut etməlidir.
Söhbət Ermənistan Konstitusiyasına dəyişiklik edilməsindən və Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsinə hüquqi xitam verilməsindən gedir. Paşinyan hakimiyyəti 2026-cı ilin sonuna qədər Ermənistanın yeni konstitusiyasının mətnini dərc edəcəyini bəyan edib.
Bu baxımdan, noyabr və ya dekabr ayında rəsmi İrəvanın yeni konstitusiyanın mətnindən Müstəqillik Bəyannaməsinə istinad hissəsini nəzərdə tutan preambulanı çıxarıb-çıxarmayacağı məlum olacaq.
Paşinyan özü son aylar verdiyi açıqlamalarında Müstəqillik Bəyannaməsinə istinadı konstitusiyada saxlamağın Azərbaycana və Türkiyəyə qarşı müharibə elan etmək mənasına gəldiyini deyib.
Ona görə də Baş nazir Ermənistanın yenidən münaqişələrə cəlb edilməməsi üçün prezmbulanın ləğvinin vacibliyini qeyd edib. Yeni konstitusiyanın mətinin dərcindən sonra Paşinyanın bu vədinə nə qədər əməl edəcəyini dəqiq demək olar. Lakin Ermənistan yeni konstitusiyanın hüquqi qüvvəyə malik olması üçün referendum keçirməlidir.
Əgər cari ilin sonuna qədər yeni konstitusiya layihəsi ictimaiyyətin müzakirəsinə təqdim olunsa, 2027-ci il fevralın sonu, mart ayının əvvəlinə qədər, yəni qanunvericiliyə uyğun olaraq, 50 gündən tez və 65 gündən gec olmayaraq ümumxalq səsverməsi keçirilə bilər.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə konstitusion çoxluğa malik olmasa da, Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna edilmiş düzəlişlərə görə son 730 günün ən azı 366 gününü Ermənistan ərazisində daimi yaşamış vətəndaşlar səs vermək hüququndan istifadə edə bilər. Bu isə xaricdə yaşayan və daha çox revanşist erməni diasporuna bağlı olan seçiciləri referendumda iştirakdan məhrum edir.
Beləliklə, Paşinyan yeni konstitusiyanın qəbuluna nail ola bilər. Yəni qarşıdakı aylar Ermənistanın Baş naziri üçün siyasi sınaq kimi qiymətləndirilir
Onun sülhün əldə edilməsində maraqlı olub-olmadığı barədə 2027-ci ilin fevral ayına qədər daha dəqiq proqnoz vermək olar. İndiki vəziyyətdə Paşinyanın sülh müqaviləsinin imzalanması və ratifikasyasının vacibliyindən danışması Ermənistan cəmiyyətini referenduma hazırlamaq cəhdi kimi başa düşülə bilər. Əgər Paşinyan konstitusiya dəyişikliklərindən yayınarsa, o zaman bu açıqlamanın “topu” Azərbaycan tərəfinə ötürmək məqsədi daşıdığı aydın olacaq.
























