
Bu il iyulun 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il iyulun 1-i ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 % olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
"Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir", - deyə hesabatda qeyd olunub.
Bəs niyə əhalinin gəlirləri artsa da, borc yükü yüksəlir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əhalinin borc yükünün sərəncamında qalan gəlirlərə nisbətinin 18,7 faizə yüksəlməsi onu göstərir ki, gəlirlərin artması insanların maliyyə vəziyyətinin mütləq yaxşılaşması demək deyil:
“Əgər əhalinin gəlirləri artırsa, amma eyni zamanda kredit öhdəliklərinin gəlirlərdə payı da yüksəlirsə, deməli, gəlir artımının bir hissəsi yeni borcların yaranmasına və ya əvvəlki borcların ödənilməsinə yönəlir. Bu, əhalinin real maliyyə imkanlarının qiymətləndirilməsində yalnız nominal gəlir göstəricilərinə əsaslanmağın düzgün olmadığını göstərir. Burada əsas məsələ gəlirlərin hansı sürətlə artması və həmin artımın insanların gündəlik xərclərini nə dərəcədə qarşılaya bilməsidir.
Ərzaq, mənzil, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclər bahalaşdıqda maaş və digər gəlirlərdəki artımın əhəmiyyətli hissəsi əlavə istehlaka deyil, mövcud həyat səviyyəsini qorumağa sərf olunur. Belə şəraitdə ailələr gözlənilməz xərcləri qarşılamaq, məişət texnikası almaq, mənzil təmir etdirmək və digər ehtiyaclarını ödəmək üçün kreditə üz tuturlar.
Nəticədə gəlirlər artsa belə, borc yükü daha sürətlə yüksələ bilər. Digər tərəfdən, kreditlərin əlçatanlığı və istehlak tələbatı da bu prosesə təsir göstərir. Banklar kredit təklif etdikcə, insanlar gələcək gəlirlərinin bir hissəsini indidən xərcləmək imkanı əldə edirlər. Lakin bu imkan bəzən ailələrin ödəmə qabiliyyətini düzgün qiymətləndirmədən əlavə öhdəliklər götürməsinə səbəb olur.
Xüsusilə kredit ödənişləri ilə gündəlik zəruri xərclər eyni gəlir mənbəyindən qarşılandıqda, ailələrin maliyyə dayanıqlığı zəifləyir. Gəlirin müəyyən hissəsinin hər ay borclara yönəldilməsi insanların yığım imkanlarını da məhdudlaşdırır”.
Onun sözlərinə görə, borc yükünün artmasını avtomatik olaraq əhalinin yoxsullaşmasının göstəricisi kimi qiymətləndirmək də düzgün olmazdı:
“Kreditlər mənzil, avtomobil, təhsil və digər uzunmüddətli ehtiyacların maliyyələşdirilməsinə xidmət edə bilər. Əgər gəlirlər borc ödənişlərini rahat qarşılamağa imkan verirsə, kredit yükünün artması özlüyündə təhlükəli deyil.
Ancaq borcların artması gəlirlərin artımını üstələyirsə, ailələrin sərəncamında qalan vəsait azalırsa və kredit ödənişləri gündəlik tələbatın qarşılanmasını çətinləşdirirsə, bu, ciddi riskə çevrilir. Mərkəzi Bankın açıqladığı 18,7 faizlik göstərici də məhz bu baxımdan diqqətlə təhlil olunmalıdır. Borc yükünün bir il ərzində 0,3 faiz bəndi artması təkbaşına böhran əlaməti deyil.
Lakin bu artımın hansı gəlir qruplarında baş verdiyi, kreditlərin hansı məqsədlərlə götürüldüyü, faiz və aylıq ödənişlərin səviyyəsi, eləcə də vaxtı keçmiş borcların dinamikası araşdırılmalıdır. Ümumi göstərici aşağı gəlirli ailələrin daha ağır borc yükü altında qalmasını gizlədə bilər. Orta gəliri yüksək olan ailələrlə gündəlik ehtiyaclarını çətinliklə qarşılayan ailələrin eyni göstərici əsasında qiymətləndirilməsi real vəziyyəti tam əks etdirmir”.
Ekspert qeyd edib ki, əsas problem ondan ibarətdir ki, gəlirlərin nominal artımı əhalinin rifahının yüksəlməsinə yalnız o halda xidmət edir ki, bu artım qiymət artımını və artan maliyyə öhdəliklərini üstələsin:
“İnsan daha çox qazandığı halda əvvəlkindən daha çox borclanmağa məcbur qalırsa, bu, iqtisadi imkanların genişlənməsindən çox, gəlirlərlə real ehtiyaclar arasındakı tarazlığın pozulmasına işarə edə bilər. Buna görə də əhalinin maliyyə vəziyyətini qiymətləndirərkən yalnız orta əməkhaqqı və nominal gəlir artımı deyil, real alıcılıq qabiliyyəti, yığım imkanları və borc ödənişlərindən sonra ailənin sərəncamında qalan vəsait də əsas götürülməlidir.
Davamlı həll yolu əhalini daha çox kredit götürməyə təşviq etmək deyil, gəlirlərin alıcılıq qabiliyyətini artırmaq, zəruri istehlak xərclərinin təzyiqini azaltmaq və məsuliyyətli kreditləşməni təmin etməkdir. Əks halda, gəlirlərin artması ilə bağlı müsbət statistikanın arxasında ailələrin gələcək qazancını indidən xərcləməsi və maliyyə dayanıqlığının zəifləməsi kimi problemlər qala bilər”.
























