
Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan keçirdiyi brifinqdə bildirib ki, Qarabağdan köçmüş 45 098 nəfər artıq ölkə vətəndaşlığını qəbul edib. Kazaryan deyib ki, 53 mindən çox insan Ermənistan vətəndaşlığı üçün müraciət edib. Onlardan 45 mindən çoxu artıq vətəndaşlıq alıb. Onun sözlərinə görə, parlamentdə Qarabağdan köçüb getmiş şəxslərin məsələləri ilə bağlı keçirilən müzakirədə Ermənistan vətəndaşlığının alınması prosedurları müzakirə olunub. Bildirib ki, nazirlik inzibati prosedurların sadələşdirilməsi üzərində işləyir. İddia olunub ki, Qarabağdan guya 115 mindən çox erməni köçüb.
O halda, bütün bunlar onun göstəricisi deyilmi ki, bu adamların özləri artıq Qarabağa dönmək fikrində deyil? Əgər onlar vətəndaşlığı qəbul edirlərsə, “artsax” adını daşıyan müxtəlif qondarma təşkilatların iclaslarında nə üçün Qarabağa qayıdışdan danışıb yaxa cırırlar?
Politoloq Züriyə Qarayeva Musavat.com-a deyib ki, siyasi baxımdan məsələni avtomatik bağlamır, amma bu proses Qarabağ ermənilərinin Ermənistanda daimi məskunlaşması istiqamətində mühüm göstəricidir və onların kütləvi geri qayıdışının qarşısında yeni reallıq yaradır. Onun sözlərinə görə, vətəndaşlıq almaqla geri qayıtmaq istəyindən imtina etmək eyni deyil: "Amma geri qayıtmaq istəyənlər üçün hüquqi əngəl yaradır. Çünki Qarabağda yaşamaq istəyən erməni Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bu zaman Ermənistan pasportundan imtina etməlidir. Amma 45 min erməni vətəndaşlığı qəbul edibsə, deməli, qayıtmayacaqlar. Ola bilsin ki, onların ürəyindən qayıdış keçir. Sadəcə, bunu hazırkı vəziyyətdə qəbul etmirlər. Ermənilərin xülyası odur ki, Qarabağda yenə qondarma hökumət olsun, bizim tabeliyimizdə yaşamasınlar. Əksəriyyəti bu istəklə qayıtmağa razıdır. Bunu da yuxuda görə bilərlər".
Ekspert hesab edir ki, bir səbəb də adaptasiyadır: "İnsan vətəndaşlıq alır, uşaqlarını yerli təhsil sistemində oxudur, iş tapır və mənzil əldə edir. Vaxt keçdikcə ailənin gündəlik həyatı Ermənistana bağlanır. Bu, Qarabağa kütləvi qayıdışın sosial və iqtisadi ehtimalını zəiflədə bilən amildir. Bu amillər birlikdə insanların faktiki yaşayış mərkəzinin Ermənistanda möhkəmlənməsinə kömək edir. Məsələn, Ermənistanın mənzil dəstəyi proqramında iştirak etmək üçün ailənin bütün üzvlərinin, o cümlədən yetkinlik yaşına çatmayan uşaqların Ermənistan vətəndaşı olması tələb olunur. Proqram mənzil almaq, ev tikmək və müəyyən ipoteka xərclərini qarşılamaq imkanları yaradır. Bu, vətəndaşlıq almağın niyə sürətləndiyini izah edən mühüm amildir. İnsanlar təkcə hüquqi statuslarını dəyişmirlər; onlar ailələrinin gələcəyini Ermənistanda qurmaq üçün mövcud imkanlardan da istifadə edirlər".
Züriyə Qarayeva əlavə edib ki, ermənilər Qarabağa qayıtmaq mövzusunda populizmə yol verir: "Əgər burada yaşamaq istəsəydilər, getməzdilər. Onları qovan olmayıb. Əksinə, qalmaq təklif olundu. Hətta reinteqrasiya proqramı qəbul edilmişdi, sosial imtiyazlar nəzərdə tutulmuşdu. Onlar gördü ki, antiterror zamanı da heç birinə zərər dəymədi. Amma separatçı rəhbərləri onları çıxmağa məcbur etdi. Ona görə bu məsələ bağlanmış sayıla bilər, lakin 20-30 il sonra dünyada hansı proseslərin, oyunların gedəcəyini proqnozlaşdırmaq çətindir. Müxtəlif güclər onları qaytarmaq adı ilə bölgəni yenidən qarışdırmağa cəhd edə bilər".
Musavat.com
























