
Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olunub. Gecikmələr səbəbindən platformalarda növbələr yaranıb.
Belə vəziyyətlərdə əsas məsələlərdən biri sərnişinlərin vaxtında və düzgün məlumatlandırılmasıdır. Lakin ADY-nin sosial media hesablarında baş verənlərlə bağlı hər hansı operativ məlumat görünmür.
Tribuna.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, böhran baş verəndən sonra yox, əvvəldən sərnişinə məlumat verilməli idi:
“Böhran kommunikasiyası yalnız hadisə baş verdikdən sonra açıqlama vermək deyil.
Bu, sərnişinə vəziyyəti izah etmək, gecikmənin səbəbini bildirmək, mümkün olduqda gözlənilən bərpa vaxtını açıqlamaq və alternativlər barədə məlumat verməkdir.
Sərnişin vağzalda növbədə dayanarkən nə baş verdiyini özü öyrənməyə çalışmamalıdır.
Rəsmi məlumatın olmaması qeyri-müəyyənliyi, narazılığı və şayiələri artırır.
ADY-dən gözlənti sadədir:
– Gecikmələr barədə operativ məlumat;
– Səbəblər və hərəkət cədvəlindəki dəyişikliklər haqqında açıqlama;
– Sərnişinlərə mütəmadi yenilənən məlumat;
– Zərurət olduqda alternativ marşrut və hərəkət imkanları barədə tövsiyələr”.
Ekspert bildirib ki, nəqliyyat xidmətinin keyfiyyəti təkcə qatarın vaxtında hərəkət etməsi ilə ölçülmür:
“Problem yarandıqda sərnişinlə necə ünsiyyət qurulması da xidmətin keyfiyyətinin bir hissəsidir.
Texniki problem baş verə bilər. Amma sərnişini məlumatsız qoymaq əlavə problemdir”.























