
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir işlərinin satınalınması üzrə “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3.330.767,67 manat dəyərində müqavilə bağlayıb.
Şərtlər toplusuna görə MMC 12.10.2026-cı ildən 30.12.2026-cı ilə qədər Mingəçevir şəhər 20 nömrəli, Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli, Balakən rayon Qazbölük, Şərif, Qaysa, Aclıqbinə, Sarıbulaq, Xalatala kənd tam orta məktəblərini, Şəki rayon Aydınbulaq, Şəki Kiçik Dəhnə 2 nömrəli tam orta ümumtəhsil,Şəki şəhəri 11 nömrəli tam orta məktəbini, Zaqatala rayon Çobankol kənd İ.Kərimov adına tam orta məktəbi, Zaqatala Yuxarı Tala kənd 2 nömrəli, tam orta məktəbi, Yuxarı Tala kənd 4 nömrəl, Zaqatala Danaçı kənd 2 nömrəli, Muxax kəndi Ş İsayev adına 2 nömrəli, Bakı şəhəri 179 nömrəli tam orta məktəblərində təmir işləri aparacaq.
Maraqlı orasıdır ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi Kəlbəcər tam orta məktəbi üçün mebel və avadanlıqların satın alınması üzrə “ART-PROJE” MMC ilə cari ilin sentyabr ayında 3.543.405,54 manat dəyərində müqavilə bağlayıb.
Göründüyü kimi “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti bir budaqda oturub min budaq silkələyir. Həm mebel və avadanlıqları satır, həm də təmir işləri üzrə sifarişlərə girişir. Hələ bu harasıdır…
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin təhsil müəssisələrində təmir işləri, mebel və avadanlıqların alınması üzrə müqavilə bağladığı “ART-PROJE” MMC cari ilin yalnız sentyabr-oktyabr aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli qurumlarla nasos aqreqatları üçün ehtiyat hissələrinin, nasos stansiyalarının cari təmiri üçün mal-material və ehtiyat hissələrinin, mal materiallar(EÇV nasos hissələrinin), nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin, cari təmir işləri üçün mal-materialların, nasos avadanlıqları və hidrotexniki qurğular üçün ehtiyyat hissələrinin satınalınması üzrə üzrə ümumi dəyəri 1 831 066 manat olan 10 satınalma müqaviləsi bağlayıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ART-PROJE” (VÖEN: 3100016211) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2001 il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1 370 010 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, NOVXANI BAĞ MASSİVİ, ev.4829A, qanuni təmsilçisi kimi isə Əliyev Əkram Musa oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İsmayılzadı Ramil Baxşeyiş oğlu olub.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda “ART-PROJE” MMC-nin maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması üzrə 29.11.2024-cü ildə, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 04.04.2016-cı ildə lisenziya aldığı göstərilir.
Göründüyü kimi “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında hər işə girişir və son iki ayda qazandığı tenderlərin ümumi dəyəri on milyon manatı keçir. Maraqlıdır, “ART-PROJE” həqiqətən də universal bir MMC-dir yoxsa onu universal edənlər var.
Bu şirkətin müxtəlif lotlar üzrə tenderlərin qalibi çıxmasına şəraiti kimlər yaradır? Biri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bununla, Antiinhisar Agentliyi dövlət satınalmalarında sağlam rəqabət mühitinin qarşısını alır, şəffaflıq prinsiplərini şübhə altında qoyur.
Aktualinfo.net
























